Gənclərə evlilik krediti veriləcəksə...

Lalə Mehralı: “Kreditlər elə verilməlidir ki gənclər aldıqları evi banka girov qoymasın” 

Türkiyədə ailə qurmaq istəyən gənclərə evlilik krediti veriləcək. Qardaş ölkə mediasında yer alan xəbərə görə, kreditin müddəti 48 aylıq nəzərdə tutulur. Kreditlər ilk növbədə fevralın 6-da baş vermiş zəlzələlərdə zərər çəkmiş 4 şəhər və bəzi rayonların gənclərinə veriləcək. 

Ödəniş cədvəlində ilk kredit 2026-cı ilin iyununda başlayacaq. Kreditdən istifadə edəcək şəxslər üçün yaş həddi və digər ödənişlər Fondun rəhbərliyi tərəfindən müəyyən ediləcək. Fond Xəzinədarlıq və Maliyyə Nazirliyinə tabe olacaq. İdarə heyətinə Xəzinədarlıq və Maliyyə, Ailə və Sosial Xidmətlər, Gənclər və İdman, Enerji və Təbii Sərvətlər, Sənaye və Texnologiya nazirlərinin müavinləri daxil olacaq. 2023-cü il rəqəmlərinə əsasən, Fondun ilk gəlir mənbəyinin 4,5 milyard lirə olacağı gözlənilir. Səhiyyə, Ailə və Sosial Məsələlər Komissiyasının sədr müavini Orxan Atəş fonddan yalnız Türkiyə vətəndaşlarının yararlana biləcəyini bildirib.
Evlənmək üçün maddi təminat lazımdır və qardaş ölkədə bunun yolunu tapıblar. Gənclərin ailə qurmasını təşviq etmək və maddi dəstək üçün kreditlərin verilməsini uyğun görüblər. Bizdə niyə belə sosial layihələr icra olunmur? Sosial layihə bir yana, heç “sosial” adlandırılan evləri də gənclər və gənc ailələr əldə edə bilmir.  Sonra da narahatlıq keçiririk ki, evlənənlərin sayı azalır, boşananların sayı çoxalır. Minimum əmək haqqı ilə işləyən gənc necə ailə qursun, ailə qurursa, aldığı əmək haqqını ev kirayəsinəmi ödəsin, yoxsa ərzağa, gündəlik  tələbat mallarına, ya körpəsinin qidasına xərcləsin? 
Sosioloq Lalə Mehralı “Sherg.az"a açıqlamasında evlilik kreditlərinin verilməsinin yaxşı ideya olduğunu bildirdi: - Niyyət saf olsa, əlbəttə, dəstəkdir. Baxır şərtlər necə olacaq, geri ödəmə tələbi varmı, kreditin faiz dərəcəsi qane edəcəkmi ldici olacaq? Şərtlər uyğun olacaqsa, gənclərin ailə qurmasına əhəmiyyətli dəstək verilə bilər. Kredit faizləri aşağı olarsa, ödəmə şərtlərində güzəştlər edilsə, gənclər bundan yararlana bilər. Evsizlik problemini həll edərlər, ümumilikdə yaxşı təşəbbüsdür. Sərfəli şərtlər olarsa.  Mən nə gənclərin, nə ailələrin, nə də ümumiyətlə vətəndaşların kreditdən asılı qalmalarının tərəfdarıyam. Çünki bizdə çox yüksək faizlə kreditlər verilir. Kreditə daxil olan ordan ya çox çətinliklə çıxır, krediti çətinliklə ödəyib bitirə bilir, ya da heç çıxa bilmir. Bizdə də evlilik kreditləri verilsəydi, gənclərə böyük köməyi olardı. Amma yüksk faizlə veriləcəksə və ertəsi gün gənc ailə kredit borcunun altında əziləcəksə, heç bir faydası olmayacaq. Bizdə sosial evlər layihəsi vardı, özünü doğrultmadı. MİDA-nın mənzil satışı da özünü doğrultmadı.  Halbuki gənc ailələr böyük ümidlər bağlamışdı. Kreditlər də elə verilməlidir ki, gənclər özlərini  evlə, mənzillə təmin edə bilsinlər, sonra da onu qaytarmaq üçün mənzillərini təkrar banka girov qoymalı olmasınlar, əllərində nə varsa satmalı olmasınlar. Ağır maddi duruma düşməsinlər.