Şura sədri məktəblinin xəsarət almasından danışdı-ŞOK AÇIQLAMA

Bakıda 90 nömrəli tam orta məktəbdə şagirdin döyülməsi ilə bağlı məlumat yayılıb. Məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 07.11.2023-cü il tarixində məktəbin 2F sinfinin iki şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) qaçarkən toqquşub.
Məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib. Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb. Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib. Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı jurnalist İntiqam Valehoğlu sosial şəbəkə hesabında paylaşıb.

90 saylı orta məktəbdə baş verən hadisə ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova  adıçəkilən məktəbdə Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, psixoloq Səidə xanımın da iştirakı ilə  məktəb rəhbəri ilə görüş keçirib.

Bu barədə “Sherg.az”a açıqlama verən G. Səfərova bildirib ki, hadisə baş verən sinifin sinif rəhbəri Südabə Şükürova hazırda səhhətində problem (hamilədir  və iki ay sonra analıq məzuniyyətinə çıxacaq)  yarandığı üçün onunla telefon əlaqəsi yarada bildik.
 Müəllimənin qeyd etdiyi əsas məqama toxunan Şura sədrinin sözlərinə görə, hadisə  7 noyabr tarixində Zəfər bayramına həsr olunmuş tədbirdən sonra sinif şagirdlərinin zalda şeirlərin deyilməsi və rəqsin edilməsi zamanı baş verib: 

“Uşağın atası uşağın vəziyyəti ilə  bağlı məlumatlandırılıb və xəsarətin miqyasının gözlə çox görünmədiyini düşünərək təcili tibbi yardıma müraciət etməyib. Uşağı ziyarət etmək istəsə də valideyn bunu qəbul etməyib. Valideynlə dünən və bu gün telefon əlaqəsi yaratdım və Vüsalə xanımın məlumatına əsasən onun əsas şikayəti məktəb rəhbərliyinin və müəllimin etinasızlığı, uşağın zədə alması faktı ilə bağlı zamanında məlumatın verilməməsi və  uşağın sonrakı vəziyyəti ilə bağlı maraqlanılmamasıdır. Məktəb rəhbərliyi  də hadisə ilə bağlı gec məlumatlandırıldığını qeyd edib.  Şura sədri olaraq qeyd etməliyəm ki, müəllimə bu hadisədə daha həssas yanaşmalı və uşağın təhlükəsizliyinin təminini  əsas hədəf götürməli idi. Eyni zamanda uşağın xəsarət alması ilə bağlı məlumatı təxirəsalmadan rəhbərliyə, valideynə və məktəbdəki tibbi personla bildirməli idi.  Bu etinasızlıq səbəbindən məktəb rəhbəri müəllimə inzibati tədbir görərək töhmət verib. İstənilən hadisə zamanı əsas üstünlük uşağın rifahının və onun təhlükəsizliyinin təmini olmalıdır. Bu məqsədlə də ümid edirəm ki, həm uşaq müəssisələri, həm də valideynlər uşaqlara təhlükəsizlik qaydalarını bir daha aşılamalıdır”. 

G. Səfərova hesab edir ki,  media nümayəndələri, ictimai fəallar və sosial şəbəkə istifadəçilərinin məsələyə həssas yanaşması  təqdirəlayiqdir: 
“Əminəm ki, məlumatların verilməsində uşaq mənafeyi əsas tutulmalıdır. Nəzərə almalıyıq ki, bu məsələdə yanaşmamız problemin həlli olmalıdır və internet resurslarından istifadə edərkən uşaqlara gələcəkdə yarana biləcək travma və narahatlığa yol açan məqamlardan imtina etməliyik.  İctimai Şura olaraq məsələnin sonrakı hüquqi prosedurları, övladımızın səhhəti və təhsili ilə bağlı məlumatları  ictimaiyyətlə paylaşacam”.