Çıxarışı olmayan fərdi evlərin bahalaşdığı ilə bağlı məlumatlar var. Hətta paytaxt ərazisində yerləşən fərdi yaşayış evlərinin qiymətində üç-yeddi min manat civarında artım müşahidə olunduğu bildirilir. Fərdi yaşayış evlərinin qiymətində müşahidə olunan artım bu ilin oktyabr ayının 1-də qüvvəyə minən qanunla əlaqəlidir. Bəs görəsən, qiymət artımı nə zamana qədər davam edəcək?
Mövzu ilə bağlı “Sherg.az”a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu ilin oktyabr ayının 1 -dən etibarən fərdi həyət evlərinə qaz, işıq və digər komnukasiya xətləri çəkilməyəcək:
“Bu qərar yalnız oktyabrın 1 dən sonra tikilmiş və müraciət olunmuş əmlaklara aiddir. Bu səbəbdən bir çox ərazilərdə fərdi yaşayış evlərinin tikintisi dayandırılıb. Vətandaşlar artıq tikdikləri əmlaklara komnukasiya xətləri çəkə bilməyəcəklərinə görə tikilməli olan mənzillərin təmirini dayandırıb. Bu da öz növbəsində çıxarışlı torpaq sahələrinə təlabatı artırıb. Hazırda belə torpaqların satış qiymətlərində artımların əsas səbəbi bu torpaq sahələrində tikiləcək fərdi yaşayış evlərinin sənədlərinin alınmasının mümkünlüyü ilə əlaqadardır. Fərdi həyət evləri və torpaq sahələrinə təlabat daha çox yaz və yay aylarında davam edir. Düşünürəm ki, həmin vaxtlarda torpaq sahələrinə təlabat çoxaldıqca çıxarışlı torpaq sahələrinin kəskin formada qiymətlərində artım müşahidə ediləcək”.