İqlim dəyişikliyi təhlükəli hal alıb - ŞƏRH

Böyük çağırışdır

Qış aylarında mülayim hava şəraiti hökm sürəndə torpaq yuxudan tez oyanır, dincələ bilmir deyə məhsuldarlıq da zəif olur

  “İqlim dəyişiklikləri bəşəriyyət üçün böyük çağırışdır”. Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada deyib.
O qeyd edib ki, son zamanlar iqlim dəyişmələri səbəbi ilə bütün ölkələr təbii fəlakətlərin intensivliyi və təkrarlanması ilə problemlər yaşayır.
U.Tağıyevanın sözlərinə görə, noyabrda qonşu ölkələrdə müşahidə olunan bu proseslər bəşəriyyət üçün böyük çağırışdır: “Çox təəssüf ki, ölkələrin inkişaf səviyyəsindən asılı olmayaraq ölkələrdə iqlim dəyişiklikləri fəsadlar törədir. Yaxın illərdə bu iqlim dəyişikliklərinin sayı artacaq. Bu, bəşəriyyət üçün böyük çağırışdır”.
  Onun sözlərinə görə, 2030-cu ilə qədər alternativ enerji mənbələrinin payının 30 faizə qədər artması hədəflənib: "Azərbaycan 2050-ci ilə qədər Paris İqlim Sazişi üzrə istilik effekti yaradan qazların emissiyalarının 40 faizə qədər azaldılmasına dair öhdəlik götürüb. Hazırda da Azərbaycanda istilik effekti yaradan qazların emissiyalarının azaldılması üçün işlər görülür".
  Nazir müavini həmçinin qeyd edib ki, azad edilmiş ərazilərdə karbon neytrallığı zonasının yaradılması üçün işlər görülür. O, işğaldan azad olunan ərazilərdə karbon neytrallığı zonasının yaradılmasının əsas hədəflərindən biri olduğunu bildirib: "Bunun üçün artıq işlər görülür. İqlim dəyişmələri məsələləri ölkənin strateji sənədlərində, dövlət proqramlarında yer alıb. Biz bütün bunlarla ölkə qarşısında qoyulan hədəflərə nail olacağıq".
  Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, ekologiya elmləri doktoru Rauf Sultanov isə “Sherg.az"a açıqlamasında deyib ki, son on il ərzində beynəlxalq və qlobal ekoloji təşkilatları tərəfindən də vaxtaşırı olaraq iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıqlar edilir.
Qeyd edilir ki, Yer kürəsində qlobal istiləşmə sürətlənib, iqlim dəyişikliyi təhlükəli hal alıb.
  Ekoloqun sözlərinə görə, qış aylarında mülayim hava şəraiti hökm sürəndə torpaq yuxudan tez oyanır, dincələ bilmir deyə məhsuldarlıq zəif olur. Qış soyuq olanda isə torpaq uzun müddət yatır, ağaclar, bitkilər də gec oyanır. Nəticədə yaz-yay aylarında torpağın məhsuldarlığı 50-60 faiz artır: “Hər nə qədər təbiətin qanunauyğunluğu olsa da, zərərli qazlar iqlim dəyişikliyinin, yəni qlobal istiləşmə prosesinin sürətlənməsinə və təhlükəli hal almasına səbəb olur. Normalda Yer özü ona dəyən ziyanı bərpa etmək qüvvəsinə malikdir. Ancaq antropogen amillər çox güclü olduğu üçün təbiət ona dəyən ziyanı bərpa edə bilmir. Təbiətdəki müəyyən anomal proseslər bitkilərə də böyük təsir göstərir. Məhsuldarlıq azalır, torpaq münbitliyini itirir. Dünya əhalisinin sayı da artdığı üçün iqlim dəyişikliyi xoşagəlməz nəticələrə səbəb ola bilər. Bu prosesə qarşı mübarizə isə 1-2 dövlətin işi deyil, qlobal güclər bu problemin həllinə təkan verməlidir. Lakin iqtisadi cəhətdən ziyan görməsinlər deyə, böyük dövlətlər sənaye zavodlarının fəaliyyətinə məhdudiyyət qoymur. Bu proses təbii qanunauyğunluq olduğu üçün qarşısını almaq da çətindir. Bəlkə bütün qlobal güclər birləşib ortaya tutarlı konvensiyalar qoysalar, hansısa yollarla insan orqanizminə, ətraf mühitə yan təsirlərini azaltmaq olar. Onu da etmək istəmirlər. Dediyim kimi, BMT, AB ara-sıra konfranslar keçirib, çıxış yolları axtarır, amma birlik olmadığı üçün nəticə də olmur”. Bununla belə professor deyib ki, kənar təsirlər, zəhərli qazlar amtosferdə, litosferdə dəyişikliklər etsə də, zamanla torpaq da, hava da özü-özünü tənzimləyir. Əvvəlkindən yavaş da olsa bu proses heç vaxt dayana bilməz.