Bənzərsiz nəqliyyat: Rekord qırıldı

Metronun yanında yaşayanlar ən xoşbəxt insanlardır

Onlar yollardakı tıxacların ağrı-acısını, stresini yaşamırlar

“İnsanlar doğru olaraq ictimai nəqliyyat vasitələri arasında daha çox metrodan istifadə edir. Çünki sərnişin avtobusları da tıxaclarda qalır, intervallarda uzun-uzadı gecikmələr yaşanır”


  Bakı metropoliteni sərnişindaşımada yeni rekorda imza atıb. Bu il noyabr ayının 24-də metroda 867 min 310 sərnişin daşınıb. Bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli məlumat verib. O bildirib ki, bu göstərici cari ilin 24 noyabr tarixində qeydə alınıb: "Bu, metropoliten tarixində bu günə qədər qeydə alınan rekord göstəricidir". Məlumatda o da qeyd edilir ki, "Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasında əlil arabası istifadəçilərinin daşınması ilə bağlı eskalator üçün nəzərdə tutulmuş yeni texniki qurğu istifadəyə verilib. Yeni texniki qurğunun istifadəyə verilməsi "Əlçatan metro" layihəsi çərçivəsində baş tutub.
  Metroda rekord sayda sərnişin daşınması, tamamilə gözləniləndir. Bunu statistika aparmadan da müəyyənləşdirmək mümkündür. Yetər ki, “pik” saatlarda metroda olasan. Platformalardakı sərnişin sıxlığı, vaqonlarda “iynə atsan, yerə düşməz” vəziyyəti, eskalatora tərəf axışan insan seli ictimai nəqliyyatda məhz metrodan daha çox istifadə edildiyini zatən təsdiqləyir. “Yaxşı ki metro da var”, alqışını insanların dilindən dəfələrlə eşitmişik. Əlbəttə, bu, çox yaxşıdır, hətta əladır. Bəs yaxınlığında metrostansiyası olmayan ərazilər, metro xətti çəkilməmiş yaşayış massivləri də var axı. Təkcə, Masazırdan, Xırdalandan, Sulutəpə, Binəqədi qəsəbəsi, Mehdiabad, “Baksol” adlanan o “ucsuz-bucaqsız” sahə, Günəşli, Qaraçuxur, “Bakıxanov”,  Bayıl, “20-ci sahə”, Badamdar, Qaradağ, Müşviqabad,  Qobu... nə qədərdir metroya həsrət inzibati ərazilərimiz. Orada yaşayan əhalinin də arzusu metro ilə işə, işdən də evə qayıtmaqdır.     
  Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdib ki, əhalinin metrodan daha çox istifadə etməsinin bəlli səbəbi var, bu da avtomobil yollarındakı üzücü tıxaclardır: 
"Yaşayış yerinin yaxınlığında metro stansiyası olanlar bu barədə xoşbəxt sayılır. Deyərdim ki, əsl xoşbəxtlərdir. Çünki yollardakı tıxacların ağrı-acısını, stresini yaşamırlar. Artıq neçə illərdir, paytaxtda tıxac problemi həllini tapmır. Müxtəlif layihələr icra olunur, yeniliklər edilir, lakin yenə də tıxaclar var və bu, insanların artıq psixi durumuna da mənfi təsir göstərir.  Tıxacda qalmaq istəməyənlər metroya üz tutur. Bəlli saatlarda metroda hər nə qədər basabas olsa da, sərnişin bilir ki, mənzil başına çatacaq. Metroda vaxt itkisi, hansısa fövqəladə hal baş verməsə, uzaqbaşı 5-10 dəqiqə arası ola bilər. Bu, saatlarla yolda tıxacda qalmaqdan yaxşıdır. Və insanlar da doğru olaraq ictimai nəqliyyat vasitələri arasında daha çox metrodan istifadə edir, daha çox metroya üstünlük verirlər. Çünki sərnişin avtobusları da tıxaclarda qalır, intervallarda uzun-uzadı gecikmələr yaşanır. Bu baxımdan əlbəttə, metro bizim ən dəyərli sərvətlərimizdən biridir. İctimai nəqliyyata metrobuslar da daxil olmalıdır, tramvay, trolleybus xətləri də. Bunlar sərfəli nəqliyyat növləridir, tıxacda qalmaq ehtimalı da yoxdur. Niyə bunları etmirlər, bilmirəm".  

Ekspert vurğulayıb ki, metropolitenin də inkişafına böyük etiyac var: 
"Metro stansiyalarının sayının artırılması, metro tikintisi sürətləndirilməlidir. Məlum məsələdir, bu həm böyük miqdrada maddi vəsait, həm də zaman tələb edir. Metro xətlərini uzatmaq gərgin, ağır iş şəraitində mümkün olur. Amma bunu etməliyik. Və bu zaman əhali sıxlığı olan ərazilər, əhalinin sıx məskunlaşdığı inzibati ərazilər mütləq nəzərə alınmalıdır. Metropolitenin özündə də əsas həllini gözləyən məsələlər var. Məsələn, “qırmızı xətt”lə “yaşıl xətt”in bir-birindən ayrılması. Bu xətlərin ayrılması ona görə vacibdir ki, “Həzi Aslanov - Dərnəgül” xətti “Həzi Aslanov – İçərişəhər” xətti ilə kəsişməsin. Bu kəsişmə qatarlararası intervalın azaldılmasına mane olur, nəticədə sərnişin sıxlığı yaranır. Xətlər ayrılarsa “yaşıl xətt”in stansiyalarına gedənlər “qırmızı xətt”lə hərəkət edən vaqonlara minməyəcək, sıxlıq da yaranmayacaq. Necə ki, bu gün “Bənövşəyi xətt”ə keçənlər keçid stansiyadan istifadə edir, “yaşıl xətt”lə, “qırmızı xətt” arasında da belə keçid stansiya olmalıdır.  “İçərişəhər” stansiyasında hərəkətin birtərəfli olması da çətinlik yaradır. “Dərnəgül” stansiyası da sonuncudur, amma orada qatar dayanıb, sonra yenidən geri qayıtmır. “İçərişəhər” stansiyasında da nəhayət ki, digər platforma da istifadəyə verilməlidir. Metro açılandan o platforma işlək deyil. Şübhəsiz, müəyyən funksiya daşıyır. Lakin daha yaxşı olar ki, platforma işlək vəziyyətə gətirilsin və qatarların stansiyaya daxil olması və çıxışı ayrı-ayrı platformalardan icra edilsin. Bu da yüklənməni azaldar, intervalın azalmasına səbəb olar".