DİN odlu silahlarla bağlı çağırış edib.
DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən davam etdirilən profilaktik tədbirlər nəticəsində 2023-cü ilin yanvar-noyabr ayları ərzində 534 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib. Könüllü təhvil verilən silahlardan 24 avtomat, 8 tapança, 502 ov tüfəngi olub.
"Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir. Bu vətəndaşlıq nümunəsinin də kütləvi təşviqini nəzərə alaraq, cəmiyyətin hər üzvünün dəstəyi önəmlidir. Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər.
Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik", - deyə DİN-in məlumatında bildirilir.
DİN-in yaydığı məlumata münasibət bildirən Milli Təhlükəsizlik mütəxəssisi Rəşad Rza "Sherg.az"a söyləyib ki, bununla bağlı bir neçə addımlar atılıb:
"Cinayət məcəlləsinin 228.1-ci maddəsində qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sürsatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Eyni zamanda nəzərə çatdırmaq lazımdır ki, qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir".