“Palaza bürün, ellə sürün” - Seysmik mikrorayonlaşdırma xəritəsi nəyi dəyişəcək?

Xəritə hazırlanacaq

Bundan sonra tikinti aparılarkən seysmiklik nəzərə alınacaq

  Azərbaycanda yeni seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanacaq. Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 2024-cü ilin yaz aylarında Fövqəladə Hallar Nazirliyi ilə birgə yeni seysmik mikrorayonlaşdırma xəritəsi ilə bağlı tədqiqat aparılacaq: "Yaponiyadan mütəxəssislər gələcək. Seysmik mikrorayonlaşdırma xəritəsi gündəmdədir. FHN əməkdaşları və yaponiyalı mütəxəssislərlə birgə gələn il işlərə başlanılacaq. Xəritənin tərtib olunması üzərində iş gedir". Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə vurğulayıb ki, seysmik xəritələrlə yanaşı, Bakı və Abşeron yarımadasında seysmik riskləri araşdıran xəritə də olacaq: "Yəni Bakı şəhərində yüksək maqnitudalı zəlzələdən sonra vəziyyətin necə olacağını biləcəyik".
Seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanması nəyi dəyişəcək? “Sherg.az"a danışan Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli qeyd etdi ki, xəritə hazırlanarsa, ondan məqsədyönlü şəkildə istifadə etmək olar:
- Mən seysmloq deyiləm, amma belə anlaşılır ki, bu xəritədə seymoaktiv zonalar qeyd ediləcək. Məsələn, Bakının, Abşeron yarımadasının hansı əraziləri saha çox seysmikdir, hansı ərazilərdə seysmik aktivlik digərlərinə nisbətən daha yüksəkdir. Bu xəritə, əslində, indiyədək çoxdan hazırlanmalıydı. Ölkədə az da olsa seysmoloq alimlər var, təcrübəli işçilər var. Onların iştirakı ilə bu xəritə tərtib olunmalıydı. Və bu xəritədən tikinti işləri zamanı istifadə edilməliydi. Yəni tkintilər o xəritəyə əsaslanaraq aparılmalıydı. Deyirlər, binalar zəlzələyə davamlı tikilib. Amma bilinmir axı hansı ərazidə seysmiklik nə qədərdir? Ümumi şəkildə bilinir ki, bəli, Bakı, Abşeron yarımadası seysmik zonada yerləşir. Bunu hamı bilir. Amma seysmik xəritə olsa, dəqiq bilinər, ərazilərin seysmikliyi, tikintilərin aparılmasında da buna istinad olunar. Təhlükə də azalar.
  V.Tofiqli qeyd etdi ki, xəritənin hazırlanması nə qədər vacibdirsə, ona istinad edilməsi, ona əsaslanmaq da bir o qədər vacibdir:
- Xəritə hazırlanacaq, amma ona istinad edilməyəcəksə, yenə də tikinti şirkətləri normativləri pozacaqsa, daha bu xəritənin faydası qalmayacaq. Ciddi nəzarət edilməlidir ki, bundan sonra tikintilər seysmiklik nəzərə alınaraq, tikinti normalarına uyğun aparılsın.