Dənizdə batanların sayının artması nə ilə bağlıdır?  - Açıqlama

 Zəlzələ dənizin sahilində baş vermir. Dənizin ortasında, sahildən çox-çox uzaq məsafədə - dərinliklərdə olur

"Xəzərin dibində quruluş dəyişikliyi baş verirsə, yarğanlar, çuxurlar əmələ gəlirsə, bir müddət sonra qum onları doldurur"

  Zəlzələlərdən sonra Xəzər dənizinin dibinin dəyişikliyə uğradığına dair mülahizələr yer almaqdadır. Bu barədə Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin qiymətləndirilməsi şöbəsinin müdiri Qulam Babayev Xəzər TV-yə müsahibəsində danışıb. Q.Babayev bildirib ki, hər dəfə zəlzələdən sonra Xəzərin dibinin quruluşu dəyişikliyə məruz qalır. Yarğanlar, çuxurlar, dərin çalalar əmələ gəlir, bu da xüsusilə yay aylarında hər birimiz üçün təhlükə deməkdir. Ona görə də dənizə gedərkən diqqətli olmalıyıq. Q.Babayevin sözlərinə görə, Xəzərin dibində çox sayda müxtəlif tektonik qırılmalar, mikro - meqa bloklar var. Yəni dənizin dibi mürəkkəb bir struktura malikdir. Bloklardakı oyanmalar bu ildən başlayıb və 2024-cü ildə də müşahidə olunacaq. İrəli sürülən fikir “çimərlik mövsümündə dənizdə batanların sayının artması dənizin dibinin quruluşunu dəyişməsi ilə bağlıdırmı”, sualına cavab axtarmaq zərurəti yaradır. Bu, həqiqət ola bilərmi? Zəlzələnin qarşısını almaq mümkün deyil, bu, bəlli. Bəs dənizin dib quruluşunun dəyişməsi həqiqətdirsə, insanların batmaq təhlükəsinin miqyasını azaltmaq mümkündürmü? AMEA Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, fəlsəfə doktoru Ənvər Əliyev “Sherg.az"a açıqlamasında məsələyə belə aydınlıq gətirdi:
- Zəlzələlərdən sonra dənizin dibində dəyişiklik baş verməsi mümkündür. Ola bilər. Amma bununla bağlı elmi tədqiqat aparılıbmı, faktlar varmı? Konkret fikir söyləmək üçün bunu bilmək lazımdır. Xəzərin dibində quruluş dəyişikliyi baş verirsə, yarğanlar, çuxurlar əmələ gəlirsə, bir müddət sonra qum onları doldurur. Yarğanlar, çuxurlar daimi qalmır. Qum dənələri onları doldurur. Ona görə də düşünmürəm ki, dənizdə batanların sayının artması məhz zəlzələdən sonra dənizin dibində baş verən quruluş dəyişikliyidir. Həm də, bu dəyişikliklər baş verirsə də, dənizin dərinliklərində baş verir. Dənizdə çimənlər o hissələrə gedib çıxa bilməz. Zəlzələ dənizin sahilində baş vermir. Dənizin ortasında, sahildən çox-çox uzaq məsafədə - dərinliklərdə olur. Dəniz sahilinə titrəyiş gəlib çatır. Dediyim kimi, bununla bağlı əsaslı tədqiqat aparılmalıdır. Bilmirəm, dənizin dib quruluşunu tədqiq etmək, yarğanları, çuxurları ölçəcək cihazlar bizdə varmı? Bu sahənin mütəxəssisləri dənizin altına enirlər, lakin o qədər də dərinə gedə bilmirlər.
Ə.Əliyev qeyd etdi ki, Abşeron yarımadasının, Xəzər dənizinin seysmik xəritəsi var:
- Xəritədə hansı ərazilər daha çox seysmikdir, dəqiq qeyd olunur. Abşeron yarımadasının şimal-şərqində seysmoaktivlik 8 ballıq hesablanır. Abşeronda ümumi seysmiklik 7 baldır. Amma məhz şimal-şərq hissə - Quba-Xaçmaz və cənub hissəsi 1 bal artıqdır. 8 ballıqdır. Dənizin dibinin quruluşu da həmin ərazilərdə dəqiq yoxlanmalıdır. Amma bunun üçün imkanlar varmı, deyə bilmərəm.
  Ə.Əliyev bildirdi ki, dənizdə batmaq hallarını təkcə yarğanların, çuxurların “boynuna qoymaq” olmaz. İnsanlar da məsuliyyətli olmalı, səhlənkarlıq etməməlidirlər:
- Fövqəladə Hallar Nazirliyi əgər deyrisə ki filan hissədə üzməyin, çimməyin, buna əməl edilməlidir. Təhlükə var ki, insanlara xəbərdarlıq edilir. Amma xəbərdarlığa etinasız yanaşanlar olur. Digər tərəfdən, dənizdə hətta ən professional üzgüçü də bata bilər. Bu, insanın dənizin hansı hissəsində, sahilə yaxınmı, uzaqmı məsafədə olmasından, üzdüyü zaman nə dərəcədə yorulmasından, həyəcan keçirib-keçirməməsindən də asılıdır.