Sürücü can daşıyır - Məsuliyyəti dərk etməlidir!

Bunun məsuliyyətini dərk etməlidir

Səhhəti ağırlaşar, ailəsində nəsə problem yaranar, amma ilk növbədə bunu rəhbərliyə bildirməli, cavab gözləməlidir

  Sərnişinləri yolda avtobusun içində qoyub çıxıb gedən sürücünün işdən qovulmasını cəmiyyətimiz birmənalı qarşılamır. Sürücünün halına yanaraq “bəlkə nəsə bədbəxt hadisə baş verib, ya da təcili harasa çağırıblar, getməsə olmazdı”, deyənlər də var, bu hərəkətini düzgün hesab etməyərək işdən çıxarılmasına haqq qazandıranlar da. Sürücünün hansı səbəbdən bu cür davranması bəlli deyil. Bəlli olan sürücünün, avtobusun içində sərnişin ola-ola çıxıb getməsidir. Bununla bağlı "Bakubus" MMC-nin məlumatında qeyd olunur. "Hörmətli sərnişinlər. Ötən gün baş verən hadisə üzrə daxili araşdırmanın yekunlaşdığını diqqətinizə çatdırır və nəticələrini Sizinlə bölüşürük. Vəzifəsinin icrası zamanı yol verdiyi kobud pozuntular və bu pozuntuların sərnişinlər üçün doğurduğu mənfi nəticələr, eləcə də baş vermiş hadisənin “BakuBus”un imicinə mənfi təsiri nəzərə alınaraq, Əmək qanunvericiliyinə uyğun olaraq, sürücü tutduğu vəzifəsindən azad edilib. Bir daha baş vermiş hadisəyə görə təəssüfümüzü bildirir və keyfiyyətli xidmət prinsipinə sadiqliyimizi bir daha vurğulayırıq” deyə məlumatda bildirilir.
  “Sahil qəsəbəsi” internet səhifəsində yer alan məlumatda isə bildirilir ki, hadisə 5 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda, axşam saatlarında baş verib. Sürücü avtobusu dayanacaqda saxlayıb, sərnişinləri düşürüb, onlara başqa avtobusun gələcəyini bildirib və ona minmələrini xahiş edib. Özü isə avtobusun qapılarını açıq qoyaraq taksiyə əyləşib gedib.
  Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, hər bir sahənin öz təlimat qaydaları var. Sərnişindaşıma çox məsuliyyətli işdir. Sürücü can daşıyır, bunun məsuliyyətini dərk etməlidir:
- Yayılan videoda görünür ki, sürücü avtobusun içində sərnişinlər olduğu halda çıxıb gedib. Hər hansı bir hadisə baş veribsə, istənilən halda sürücü ilk növbədə dispetçerə məlumat verməlidir, bundan sonra dispetçerin təlimatına uyğun hərəkət etməlidir. Sürücünün necə davranacağını dispetçer müəyyən etməlidir. Sürücü salonunda sərnişinlər olan avtobusu idarə edirsə, avtobus hərəkətdədirsə, deməli, o, vahid qrafik üzrə hərəkət edir, vəzifəsi həmin qrafikə uyğun davranmaq, sərnişinləri mənzil başına çatdırmaqdır. Bəli, hər bir insanın başına gözlənilməz hadisə gələ bilər. Səhhəti ağırlaşar, ailəsində nəsə problem yaranar, amma ilk növbədə bunu rəhbərliyə bildirməli, cavab gözləməli və cavaba uyğun hərəkət etməlidir.