Ekoloq: Havaların belə soyuq və küləkli keçməsində qanunauyğunluq var

Ekoloq deyib ki, mövsüm yenilənmələri zamanı qəfil iqlim dəyişiklikləri mümkündür

  Təkcə Bakıda deyil, Gəncədə də anormal hava müşahidə edilir. Gah güclü külək əsir, gah da qəfil sakitləşir, temperatur yüksəlir. Hava haqqında proqnozda yağış gözlənilmədiyi bildirilsə də, gecə saatlarında yağış yağır, qısa müddət sonra göyün üzü açılır. Gəncədə güclü küləyin törətdiyi fəsadlar, ağacların aşması, məzar daşlarına ziyan dəyməsiylə bağlı görüntülər sosial şəbəkədə yayılıb. İqlim şəraitinin bu formada qəfil dəyişiklikləri nəylə bağlıdır?  
  
Ekoloq Ənvər Əliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, mövsüm yenilənmələri zamanı qəfil iqlim dəyişiklikləri mümkündür: 
"Keçid dövründə havaların dəyişkən olması normaldır. Payızdan qışa keçid dövründə adətən havalar belə anormal keçir. Payızın son ayındakı mövcud iqlim şəraiti də payıza uyğun hava deyildi. Havalar əvvəllər də belə anormal keçib. Burada əsas səbəb havaların həddindən artıq isti keçməsi nəticəsində təzyiqin aşağı düşməsidir. İsti temperaturda hava genişlənir, təzyiq isə aşağı düşür. Nəticədə müvafiq hava kütlələrinin axını başlayır. Yüksək təzyiq zonasından ağır hava kütlələri daxil olur. Azərbaycana hava kütlələri əsasən şimaldan və Atlantik okeanı üzərindən daxil olur. Məsələn, Moskvada havalar soyuduqda soyuq, quru hava kütləsi, Atlantik okeanı üzərindən isə rütubətli hava kütləsi daxil oldu ölkəmizin ərazisinə. Bunlar da havanı soyudur. Burada qanunauyğunluq var. Yay aylarında da Bakıda küləkli havalar müşahidə olunur. Bakı, məlumdur, Badi-kübə - küləklər şəhəridir. Yarımsəhra iqlim zonasına aiddir. XII əsr mənbələrini oxumuşam, ərəb səyyahı Yaqut əl-Həməvi yazır ki, Abşeron ərazisinə daxil olanda çalışırdıq karvanı tez çıxaraq ərazidən, çünki bilirdik, güclü külək hərəkətimizi çətinləşdirəcək, yolçulara əziyyət olacaq".
 
 Ə.Əliyev qeyd etdi ki, Abşeron yarımadası hava axınlarının maneəsiz daxil olduğu ərazidir: 
"Ölkəmizin şimalında hava axınlarının qarşısını Qafqaz sıra dağları kəsir. Gürcüstanda da belədir. Dağlar hava axınlarının önünü kəsdiyindən meşəlik ərazilər daha çoxdur. Abşeron yarımadası da dağlarla əhatə olunsaydı, rütubət 2 dəfə aşağı düşəcəkdi, yarımsəhra iqlim zonası olmayacaqdı və burada da meşəliklər çox olacaqdı. İqlim zonasının xüsusiyyətinə görə havaların soyuq və küləkli keçməsində qanunauyğunluq var".