Əhməd Şahidov: Fəridin Azərbayacana təhvil veriləcəyini düşünürəm

İranda həbs edilmiş Fərid Səfərli barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Qeyd edilib ki, Xarici İşlər Nazirliyinin 9 mart, 2 iyun və 2 avqust tarixli mətbuat açıqlamalarında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən etibarən vətəndaşın aqibətinin və sağlamlıq vəziyyətinin öyrənilməsi, İran tərəfindən məsələyə aydınlıq gətirilməsi, vətəndaşın məhkəmə-prosessual hüquqlarının qorunması, eləcə də vəkillə təmin olunması istiqamətində həm Xarici İşlər Nazirliyi, həm də ölkəmizin Təbriz şəhərindəki Baş konsulluğu tərəfindən bütün mərhələlərdə müvafiq iş aparılıb.
19 iyul 2023-cü il tarixində keçirilmiş məhkəmə iclası zamanı F.Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Növbəti mərhələdə məhkəmənin qərarı ilə onun həbsi barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib.
Bununla yanaşı, İran İslam Respublikasının Təbriz şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun əməkdaşları F.Səfərli ilə həbsxanada mütəmadi olaraq görüşlər keçirir və onunla ailə üzvləri arasında telefon əlaqəsi yaradılır.
Fərid Səfərlinin hüquq və mənafelərinin qorunması istiqamətində Azərbaycan Respublikası Hökuməti tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Fərid Səfərliyə verilən cəzanı "Sherg.az" üçün dəyərləndirən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov söyləyib ki, həmyerlimizlə bağlı İran məhkəmələrinin çıxardığı qərar təbii ki, qəbuledilməzdir:
"Amma istənilən halda bu məsələnin perspektivi siyasi müstəvidə həll olunub deyə bilərik. Çünki iki ölkənin Xarici İşlər Nazirləri və Baş Prakrorları bir neçə dəfə sözügedən mövzuda görüşlər keçirib. İran tərəfi üzərinə düşən bütün zəruri addımları atacağına söz verib. Təbii ki, İran özünün hüquqi dövlət olduğunu, guya məhkəmələrə təzyiq, təsir etməyin mümkünsüzlüyünü Azərbaycan və dünyaya göstərmək üçün formal bir məhkəmə prosesi keçirib. Nəticədə iki il yarım həbs cəzası verilib". 

Ə.Şahidov Fəridə qarşı irəli sürülən cəsusluq iddiasına görə ik il yarımın olduqca az müddət olduğunu söyləyib:
 "İran qanunvericiliyində cəsusluğa görə daha çox azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Sadəcə İran həm vətəndaşlarını sakitləşdirmək həm də  Azərbaycana mesaj ötürmək məqsədi ilə iki yarım həbs cəzası verib. Qərara rəğmən Fəridin Azərbayacana təhvil verəcəyini düşünürəm. Dərhal azadlığa buraxmaq İran Məhkəməsinin etimadına zərbə endirə bilərdi. İstənilən halda Azərbaycan üçün məqbuldur. Çünki növbəti mərhələdə Fərid Səfərli Azərbaycana ekstradisiya ediləcək və ailəsinə, sevdiklərinə qovuşacaq".