Bütün 5 mərtəbəlilər söküləcək? - AÇIQLAMA

Bu binaların əksəriyyəti ötən əsrin ortalarından sonra inşa edilib, istismar müddəti başa çatmış hesab edilir

“Şəhərin mərkəzi boşaldılmalıdır. Şəhər kənarlara doğru inkişaf etməli, böyüməlidir. Bundan sonra şəhərdə hər tikinti, hər söküntü işinə də çox ciddi yanaşılmalıdır”

  Bakının baş Planının icrasına deyəsən, yenə 5 mərtəbəli binaların sökülməsiylə başlanacaq. Verilən xəbərlərdə qeyd edilir ki, Zığda yerləşən köhnə həyət evləri və 5 mərtəbəli binalar sökülərək, yerində çoxmərtəbəli binalar tikiləcək. Buna səbəbsə yeni təqdim olunan Bakının Baş Planına əsasən, Bakı bulvarının cənub istiqamətində uzadılmasıdır. Yeni layihəyə əsasən, bulvarın keçdiyi ərazilərdə söküntü işləri aparılacaq. Bulvarın keçdiyi ətraf ərazilərdə isə müasir tələblərə cavab verən binalar tikiləcək. Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planına əsasən, bulvar cənub istiqamətində uzadılacaq. Bu da uzunluğu təqribən 5,7 km olan 10,7 ha əlavə ictimai yaşıllığın təmin edilməsinə imkan verəcək. Qeyd edilir ki, Bakı bulvarının "Ağ şəhər"dən Zığa doğru uzadılması uzunluğu təqribən 8 km, sahəsi isə 247,8 ha olan əlavə bulvar sahəsinin yaradılmasına imkan verəcək.
  Maraqlı olan budur ki, niyə söküntü-tikinti işlərinə 5 mərtəbələrdən başlanılır? Birinci məsələ. 5 mərtəbəli binalardan danışılanda, göz önünə ilk gələn, Bakıda elə ilk tikilən məşhur “beşmərtəbə” gəlir. Adı hələ də üstündədi – “Beşmərtəbə”. O qədər populyardır ki, eyni adda restoran, kafe, hətta dönərxana da var. Nə yaxşı o “beşmərtəbə”ni sökmək kiminsə ağlına gəlmir? Həmin beşmərtəbə 1929-cu ildə tikilib! Ötən əsrin əvvəlində! İstismar müddəti başa çatmayıbmı? İndi də orada yaşayış varsa, deməli ki, çatmayıb. Ya da vaxtlı-vaxtında təmir, bərpa edilir, möhkəmləndirilir. Demək, eynilə digər, nisbətən babat halda olan beşmərtəbələr də saxlanıla bilər. Amma yox, məsələ hansısa binanın istismar müddətini başa vurmasında deyil, o binanın yerində tikiləcək yenisinin nə qədər qazanc gətirəcəyidir. Bu qədər bəsit. İkinci məsələ, Bakının yaşanmaz hala gəlməsinin, yollardakı tıxacların tək səbəbi 5 mərtəbəli binalardırmı? Faktiki bu günün bir əyani tablosunu təqdim edək; Abbas Mirzə Şərifzadə küçəsi ilə Yasamal qəbiristanlığı istiqamətində yoxuşa doğru son zamanlar tıxaclar ənənəvi hal alıb. Bu küçə ilə yoxuşa doğru sağ tərəfdə kafe, restoran, ARB telekanalının iqamətgahı, yeni tikilmiş hündürmərtəbəli yaşayış binası, ATV telekanalının iqamətgahı və sair yerləşir. Yolda tıxacın yaranmasına səbəb məhz bu binalardır. Çünki binaların qarşısı daim avtomobillərlə doludur. Çoxmərtəbəli binaların sıfırıncı mərtəbələri də ənənəvi qaydada market, ofis, mebel salonu, gözəllik salonu, tədris kursları, avtoyuma və sair və ilaxır, icarəyə verilir. Tikinti şirkətləri də səkilərin ərazisini qamarlayaraq binaları yolun hərəkət hissəsinə çox yaxın məsafədə inşa etdiklərindən yolda tıxacların yaranması qaçılmaz olur. İndi təsəvvür edək ki, 5 mərtəbəli binada 100 sakin yaşayırsa, 16-17 mərtəbəli, 5-6 bloklu yaşayış binasında 500 sakin yaşayacaq. Bu sakinlərin heç olmasa yarısının fərdi avtomobili olacaq, bu avtomobillər hər gün yola çıxacaq. Bu binaların 1-2 mərtəbələrində də ofislər, marketlər olacaq. Şəhərdə sıxlıq davam edəcək, ya yox? Kimsə uçuq-sökük binaların saxlanmasını istəmir. Lakin 5 mərtəbənin yerində 16 mərtəbə tikilirsə, bu, şəhərdəki sıxlığın azalmasına xidmət etməyəcək, əksinə, sıxlığı daha da artıracaq. Sadə məntiq bunu diktə edir.
  Bəs mütəxəssis nə düşünür? Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı “Şərq”ə açıqlamasında Bakının Baş Planında şəhərin mərkəzində 5 mərtəbədən yüksək binaların tikintisinə qadağa qoyulduğunu bildirdi:

"Bakının Baş Planında şəhərin mərkəzi hissəsində 5 mərtəbədən artıq binaların tikilməsi qadağandır (rus məsəlində deyildiyi kimi, “luçşe pozdno, çem nekoqda?! – M.R). Baş Planda şəhərin mərkəzdən kənarlara doğru böyüməsi prioritet kimi qoyulub. Bakı bulvarının Zığ istiqamətində uzanması da plana uyğun həyata keçiriləcək. 5 mərtəbələrlə bağlı isə ilk növbədə onların istismar müddətinə baxmaq lazımdır. Bu binaların əksəriyyəti ötən əsrin ortalarından sonra inşa edilib. Əksəriyyətinin də istismar müddəti başa çatmış hesab edilir. Söküntü işləri konkret olaraq bütün 5 mərtəbəli binaları deyil, istismar müddəti başa çatmış binaları əhatə etməlidir. Bizim üçün prioritet bütün 5 mərtəbəli binaları yox, yararsız hala düşənləri sökmək olmalıdır. Bakının Baş Planı şəhərin yaşıllaşdırılması, ekoloji standartlara uyğunlaşdırmanı nəzərdə tutur. Bu da tələb edir ki, mərkəz və mərkəzə yaxın ərazilər boşaldılsın. Söküntü işləri də dövlətə ziyan vurulmadan, investisiya proqramları çərçivəsində həyata keçirilməlidir. Tikinti şirkətləri isə bu işə cəılb olunanda mənfəət əldə edəcəkləri ərazilərə maraq göstərirlər. Hansısa şirkət gəlib binanı söküb çıxıb getmir. Gördüyü işin müqabilində mənfəət əldə etmək istəyir. Bu da təbiidir. İnvestor üçün iş icra etmək o zaman maraqlı və cəlbedicidir ki, inşa edəcəyi binada əvvəlki 5 mərtəbəli binanın deyək ki, 50 sakininə yeni mənzil verirsə, 150 mənzili də yeni qiymətlərlə yeni sakinlərə satsın. İqtisadi maraqlar bunu tələb edir. Odur ki, biz bu məsələlərə həssas yanaşmaqla bərabər anlayışlı da olmalıyıq. İndi tikilən çoxmərtəbəli binalar da 30-40 ildən sonra yararsız hala düşəcək. O zaman da deyəcəyik ki, niyə onları sökürsünüz?! Bu yanaşma ilə irəli gedə bilmərik. Bəli, razıyam ki, şəhərin mərkəzi boşaldılmalıdır. Şəhər kənarlara doğru inkişaf etməli, böyüməlidir. Bundan sonra şəhərdə hər tikinti, hər söküntü işinə də çox ciddi yanaşılmalıdır. Edilən səhvlər təkrarlanmamalıdır".