Həyəcan siqnalı: Nizami rayonunda şagirdlərin həyatı təhlükədədir

“Zəngi” liseyinin yaxınlığında piyada keçidinin olmaması hər an faciəyə səbəb ola bilər

  Paytaxtın Nizami rayonu, Şirin Mirzəyev küçəsi, “Zəngi” liseyinin yaxınlığında piyada keçidinin olmaması şagirdlərin həyatına təhlükəyə yaradır. Ərazidə həm də Nizami Rayon Məhkəməsinin binası yerləşir. Keçid olmayan yol məhkəmə binasının qarşısıdır. Bu da yolun işlək, intensiv gediş-gəlişli olduğunu təsdiqləyir. Belə bir yolda piyada keçidi niyə quraşdırılmayıb? 
 
Yol-nəqliyyat problemləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, valideynlərin narahatlığı anlaşılandır. Ümumiyyətlə, orta məktəblərin yerləşdiyi ərazidə yol-keçid məsələlərinə xüsusi diqqət edilməli, məktəblilərin rahat gediş-gəlişi üçün maksimum təhlükəsiz şərait yaradılmalıdır: 
- Belə problemlər az deyil. Zaman-zaman belə problemlər qaldırılır, harda keçid yoxdur, piyadaların yolu təhlükəsiz keçməsi üçün heç bir şərait yoxdur və sair. Lakin  məktəblər, liseylər, ümumən tədris müəssisələri yerləşən ərazilərdə, əgər qarşıda, yaxınlıqda avtomobil yolu varsa, daim intensiv hərəkətdir, orada mütləq piyada keçidi, işıqfor mütləq olmalıdır. 

  Ekspert məsləhət gördü ki, məlum məsələylə bağlı ən yaxşı vasitə, “ASAN Xidmət”in “ASAN Müraciət” elektron portalına müraciət etməkdir: 
- Vətəndaşlar  bütün dövlət qurumlarını tanımır, hara müraciət edəcəklərini bilmirlər. Bunu tələb etmək də doğru deyil.  Amma “ASAN Müraciət” müraciətləri  çeşidləyir və hansı quruma yönləndirmək lazımdır, ora yönləndirir. “ASAN” login”ə daxil olmaq da çox asandır. Ora daxil olub, ünvanı, problemi qeyd etmək lazımdır.  “108” də Qaynar xəttdir. Ora da müraciət etmək olar.  Valideynlər AYNA-ya (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) da müraciət edə bilər. AYNA-nın da Qaynar xətti var.