Bakıətrafı qəsəbələrə daha iki metro xətti çəkilir -RƏY

Məqsəd sərnişin axınının mərkəzə doğru deyil, kənarlara paylanmasını təmin etməkdir 


“Hazırda bilirik ki, mərkəzə güclü axın var, əhalinin 90 faizi şəhər ətrafından mərkəzə gəlir. Şəhərətrafı qəsəbələrə metro çəkilərsə, sərnişin axınını paylaşdırmaq mümkün olacaq”


  Bakı şəhəri, Suraxanı rayonunun Zığ qəsəbəsinə metro xətti çəkilir. Verilən xəbərlərə görə, artıq layihə hazırdır və bu istiqamətdə işlərə başlanılıb. Əraziyə texnika cəlb edilib, işlər sürətlə aparılır. Hazırda yeraltı qazıntı işlərinin Xətai rayonu, Gəncə prospekti istiqamətində irəlilədiyi bildirilir. Metronun giriş-çıxış istiqamətləri Zığ-Suraxanı və Zığ-Hövsan yolu istiqamətlərindən biri olacaq. Bundan əlavə Səbail rayonunun Bibiheybət qəsəbəsi ərazisində də metro xəttinin çəkilişinə başlanılıb.
 
 Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov “Sherg.az”a açıqlamasında metro çəkilişi barədə danışdı: 
- Əlbəttə, metro ən rahat ictimai nəqliyyat vasitəsidir. Bakının Baş Planında da metro xətlərinin qarşıdakı illərdə uzadılması, Bakıətrafı qəsəbələrə metro xətlərinin çəkilişi nəzərdə tutulur. Eyni zamanda məlumdur ki, metro çəkilişi uzun vaxt aparan və böyük vəsait tələb edən işdir. Daha yaxşı olar ki, sərnişinlərin rahat gediş-gəlişinin təmini üçün yüngül relsli nəqliyyat növlərinə üstünlük verilsin. Məsələn, İstanbul kimi meqa-polislərdə metrobuslar daha çoxdur. Bu, elə bir nəqliyyat növüdür ki, yeraltı deyil, yerüstü hərəkət edir, tıxacda qalmaq ehtimalı da minimumdur, çünki onun yoluna digər avtomobillər çıxmır. Çıxa bilmirlər. Amma məsələn, avtobusların hərəkət zolağını, hər nə qədər nəzarət edilsə belə, yenə də digər nəqliyyat vasitələri zəbt edir, avtobusların hərəkətinə mane olurlar. Tramvaylar, elektrobuslar da həmçinin sərfəli nəqliyyat vasitələridir. Onların hərəkət zolağına digər nəqliyyat vasitələri daxil ola bilmir. Amma əlbəttə ki imkan varsa, metro xətlərinin çəkilişi daha münasibdir. Sadəcə, bu, bir qədər vaxt aparan tikintidir. 
 
 A.Əsədov bildirdi ki, Bakıətrafı qəsəbələrə metro xəttinin çəkilişində məqsəd sərnişin axınının mərkəzə doğru deyil, kənarlara paylanmasını təmin etməkdir: 
- Hazırda Bakı metropoliteni xətləri əsasən Bakının mərkəzi hissəsini və mərkəzə yaxın əraziləri əhatə edir. Aktual məsələlərdən biri budur ki, mərkəzə yaxın ərazilər mümkün qədər daha çox metro xətləri ilə əhatə olunsun. Mərkəzə yaxın ərazilər, hansılar ki hələ də metro xətti yoxdur, Bayıl, Badamdar qəsəbələri, “20-ci sahə”, Bibiheybət və Zığ qəsəbəsidir. Şimal-şərq istiqaməti üzrə Zığ qəsəbəsinə məsafə böyükdür, bu baxımdan Bibiheybətə metro çəkilişi daha perspektivli görünür. Burada məqsəd sərnişinləri daha çox əhatə edəcək, daha çox sərnişinin rahat daşınmasına imkan verəcək nəqliyyat vasitəsinin olması və sərnişinlərin şəhərətrafı ərazilərə paylanmasıdır. Hazırda bilirik ki, mərkəzə güclü axın var, əhalinin 90 faizi şəhər ətrafından mərkəzə gəlir. Şəhərətrafı qəsəbələrə metro çəkilərsə, sərnişin axınını paylaşdırmaq mümkün  olacaq. Hamı şəhərin mərkəzinə gəlməsin, şəhərətrafı paylansın, gediş-gəliş təmin edilsin. Yəni Bibiheybətdən Bayıla, “20-ci sahə”yə, Lökbatana rahat gediş-gəliş mümkün olsun. Belə olarsa, mərkəzə getməyə zərurət qalmayacaq.