Ağcaqanadlardan qorunma üsulu tapılıb

Rənglərə fikir verin!

  Builki yay mövsümündə ağcaqanadların daha da çoxalacağı və həşəratlardan qaynaqlanan xəstəliklərin də artacağı proqnozlaşdırılır. Mütəxəssislər bununla bağlı ciddi xəbərdarlıq edib. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, mütəxəssislər xəbərdarlıq etməklə yanaşı, əhaliyə ağcaqanadlardan qorunma yollarını da göstərib. Araşdırma aparan alimlər ağcaqanadların rənglərə reaksiyasını öyrənib. Məlum olub ki, ağcaqanadlar rəngləri ayırd edə bilir. Bu həşəratların seçdiyi və sevdiyi rənglər var. Ağcaqanadlar bəzi rənglərdən uzaqlaşır, bəzilərinə isə yaxınlaşır. Vaşinqton Universitetinin tədqiqatçıları ağcaqanadlardan qorunmada müəyyən rənglərin əhəmiyyət daşıdığını bildirir. Ağcaqanadlara qarşı müxtəlif dərmanlar, sprey və kremlərdən istifadə olunur, lakin onlardan qorunmanın ən təsirli yolu bəzi rənglərə diqqət etməkdir. Tədqiqat nəticəsində məlum  olub ki, ağcaqanadları qırmızı, narıncı, qara və maviyə çalan rənglər cəlb edir. Yaşıl, bənövşəyi, mavi və ağ rəngləri isə ayırd edə, seçə bilmirlər. Vaşinqton Universitetinin biologiya üzrə professoru Jeffri Riffell, “Ən çox soruşulan sual “ağcaqanadlardan necə qorunaq”dır.  Biz bu tədqiqatımızda bu suallara cavab tapmağa çalışdıq. Ağcaqanadları qırmızı rəng çox cəlb edir. Dərimizdə qırmızı rəng piqmentləri çox olduğundan ağcaqanadları cəlb edir. İnsan dərisi ətrafa qırmızı siqnallar yayır. Ağcaqanadlar da bu siqnallara doğru hərəkət edir. Ona görə də gecə yatarkən, yaxud yay fəslində, açıq havada olarkən çalışın, qırmızı rəngli geyimlərdən istifadə etməyin. Dərinizi ağ, mavi, bənövşəyi rəngli geyimlərlə örtün. Bununla ağcaqanadların hücumundan qoruna bilərsiniz. “Hhumma” ağcaqanadları hətta qoxulara da reaksiya verir və qoxu gələn istiqaməti ayırd edirlər. Bunu nəzərə alaraq, gecə yatarkən ətir, spirt kimi kəskin qoxulu vasitələrdən istifadə etmək məsləhət deyil”.