Hansı daha sağlamdır: Qəlib sabunlar, maye sabunlar, yoxsa duş gellər…

Yuyunmaq üçün müxtəlif təmizlik vasitələri mövcuddur. Qəlib sabunlar, maye sabunlar, duş gelləri və digər gigiyenik vasitələr. Hazırda bütün dünyada təbiəti mühafizə aktivləşdiyindən, təbiətə daha az tullantıların atılması da xüsusi önəm daşıyır. 
“tr.mashable.com” “The Washington Post”a istinadən qeyd edir ki, mütəxəssislər təmizlik vasitələrindən hansının daha keyfiyyətli, zərərsiz və təbiətə də daha az zərərli olduğunu açıqlayıb. İsveçrənin ETH Sürix Universitetinin Ətraf mühit mühəndisliyi institutunun apardığı araşdırmaya görə, qəlib sabunlar maye sabunlara nisbətən 3 qat artıq təbiətin dostudur. Lakin kosmetoloqlar əks fikirdədir və qəlib sabunların dərini qurutduğunu bildirir. 1970-80-ci illərdən başlayaraq ABŞ-də maye sabunlar və duş gelləri qəlib sabunları sıradan çıxarıb. Reklam şirkətləri də maye sabunların tərkibindəki nəmləndirici qatqıları önə çəkərək onların reklamı ilə məşğuldur. Lakin getdikcə vəziyyət qəlib sabunların xeyrinə dəyişir. Hətta kosmetik məhsullar istehsalçısı şirkətlər məhsulların istehsalında qəlib sabunların tərkibindən istifadə etməyə başlayıb. Əslində isə bütün sabunların istehsalında dəridəki çirki və yağları aradan qaldıracaq təbii aktiv maddələr adlanan molekullardan istifadə edilir. Bu maddələr dəridəki çirkin su vasitəsilə təmizlənməsinə kömək edir. 1940-cı illərdə sabunların istehsalında neftdən istifadə etməyə başlanılıb. Amma tərkibində neft, mazut olan sabunlar “təmizləyici vasitə” adlanır. Qəlib sabunlar dərini qurudur, maye sabunlar, təmizləyici vasitələrsə  ətraf mühitə zərərlidir. Təmizləyici vasitələrin istehsalı sabun istehsalından daha çətindir və daha baha başa gəlir, atmosferə atılan tullantıların miqdarı da çox olur. Qəlib sabunların üstünlüyü budur ki, onlar əsasən kağız, karton parçalarıyla paketlənir. Maye sabunlar, təmizləyici vasitələrsə plastik qablara doldurulur. Plastik qablarsa təbiətə atıldıqda çürümür, məhv olmur.  Amma torpağa və havaya zərər verir.