Dələduzlara “peşkəş” edilən pullar 

Ekspert vətəndaşlara maksimum köməklik göstərilməsi üçün xüsusi komissiyanın yaradılmasını təklif edir

“Kiberdələduzluğun qarşısını almaq mümkün deyil. Bu məsələdə vətəndaşların maariflənməsi əsas şərtdir. Həmçinin dövlət qurumlarının operativliyi önəmlidir”

  Vətəndaşların bank kartlarından pul oğurlanması halları son zamanlar artıb. Daxili İşlər Nazirliyi bununla bağlı mütəmadi xəbərdarlıqlar etsə də, vətəndaşlar yenə də aldanır, bank kartlarındakı pulları dələduzlara “peşkəş” edirlər. Bunun qarşısını almaq mümkün deyilmi? Banklar, rəsmi qurumlar şəxsi kart hesablarını qoruyacaq, mühafizə edəcək bir sistem tərtib edə bilməzmi? DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyev kibercinayətkarlıq halları ilə bağlı sosial şəbəkədə məlumatlar paylaşır. E.Hacıyev qeyd edir ki, kibercinayətkarlıq təkcə Bakı şəhərini əhatə etmir. Yevlaxda kiber üsulla vətəndaşların bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 6 nəfər görülən tədbirlər nəticəsində polis tərəfindən müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilib. Zərərçəkmiş şəxslərə dəyən 20 min manata yaxın maddi ziyanın ödənilməsi istintaqla təmin olunub. Polis əməkdaşları riskləri nəzərə alaraq, Yevlaxda kibercinayətkarlıqla əlaqəli cinayətlər üzrə sakinlərlə maarifləndirmə işləri davam etdirilir: “Kiber cinayətkarlar “O" hərfini böyük hərf, kiçik hərf və ya "0" rəqəmi, “I”-dan “i”, yaxud əksinə geniş istifadə edirlər. Bu, ilk baxışdan da anlaşılmır, real URL-dən fərqləndirməyi çətinləşdirir. Bunlar fişinq mesajlarda, saxta cəlbedici endirim kampaniyalarının keçid linklərində müşahidə olunur. Fişinq e-poçtlarına və mesajlarına daxil edilən URL-lər sizdən həddən artıq əlavə şəxsi məlumat daxil etməyi xahiş edir. Şəxsi məlumatlarınızı daxil etməyinizi tələb edən pəncərə görünür və arxa fon şəkli real saytla eyni görünür. Aldanmayın!”.
  İKT üzrə mütəxəssis Elvin Abbasov “Sherg.az"a açıqlamasında dələduzların müxtəlif vasitələrdən istifadə etdiyini bildirdi:
" Bunlardan biri onlayn alış-veriş saytlarıdır. Vətəndaş alış-veriş etmək istəyir, bank rekvizitlərini daxil edir, beləliklə, məlumatlar dələduzların əlinə keçir. Burada bank artıq heç nə edə bilməz. Bank elə bilir ki, giriş edən sizsiniz. Bank həmin şəxsi kartın sahibi hesab edir. Bu, sadəcə, vətəndaşın dələduz tərəfindən aldadılmasıdır. Vətəndaşın bank kartından oğurlanan məbləği dələduzlar başqa-başqa bank hesablarına köçürürlər. Bank burada gücsüzdür. Bankın belə bir öhdəliyi yoxdur ki, yoxlasın, hesabdan pul çıxaran kimdir, kartın həqiqi sahibidir, yoxsa dələduzdur. Dələduzluğun digər forması ödəmə saytları vasitəsilə həyata keçirilir. Son zamanlar xeyli belə saxta saytlar yaradılıb. Bu saytlar ödəmələrin “əlverişli şərtlərlə” həyata keçirilməsini təklif edir. Məsələn, ödəmələrdə 20 faiz kəşbek qazanılacağını vəd edirlər. Tutalım, kimin cəriməsi varsa, bu ödəmə saytı vasitəsilə həyata keçirmək istəyir. Təbii ki, bu zaman şəxsiyyət vəsiqəsini elektron formada sayta daxil edir, orada fin-kod da görünür. Dələduzlar da fin-kod vasitəsilə vətəndaşın şəxsi məlumatlarını, kartda nə qədər məbləğ olduğunu əldə edir və hesabdan pulu çəkirlər. Gərək vətəndaşlar hər təklifə aldanmasın, reklam kampaniyalarını yoxlasın, saxta olmadığına əmin olsun, sonra kampaniyalarda iştirak etsin".

  E.Abbasov kiberdələduzluq halları zamanı vətəndaşlara maksimum köməklik göstərilməsi üçün xüsusi komissiyanın yaradılmasını təklif etdi:
"Kiberdələduzluğun qarşısını almaq mümkün deyil. Bu məsələdə vətəndaşların maariflənməsi əsas şərtdir. Həmçinin dövlət qurumlarının operativliyi önəmlidir. Bildirilir ki, bank hesablarından oğurluq edildiyi zaman polisə müraciət edilməlidir. Amma bu, o qədər uzun bir prosesdir ki, dələduz həmin vaxt ərzində hesabdan pulu çıxarır da, başqa kart hesablarına yatırır da. Dələduzlar yalnız böyük məbləğdə olan pulları ölkədən çıxara bilmir. Ona görə də bank hesabında böyük məbləğdə pul varsa, onu daxili bankların hesablarına paylaşdırmağa başlayırlar. Əgər rəsmi qurumlar operativ işləsələr, vətəndaşın hesabından oğurlanan pulları geri qaytarmaq olar. Lakin operativlik olmadığından, karküzarlıq işləri ləng aparıldığından, bürokrotik əngəllər ortaya çıxdığından proses uzanır, nəticədə dələduzlar vətəndaşın bank hesabındakı pulları ələ keçirirlər. Bu qurumlar – Daxili İşlər Nazirliyi və banklar bir araya gəlib kiberdələduzluqla bağlı xüsusi komissiya yaratsalar, müraciət edən şəxslərə operativ yardım göstərilər, vətəndaşlar pullarını itirməz.
  Görünən budur ki, texnologiya genişləndikcə, əziyyəti də artır. Atalar nahaq deməmişdi “soğan olsun, nağd olsun”. Baxmayaraq ki, hazırda onlayn alış-veriş var, əyləşdiyin yerdəcə alış-veriş edə, pul qazana bilirsən, həm də itirə bilirsən. Təki qazancımız itkilərdən çox olsun. Bunun üçün ilk növbədə sərrastlığı itirməmək lazımdır".