İraqda Kərbəla ziyarətinə gedən azərbaycanlı zəvvarların vəfat səbəbi məlum olub.
Məlumata görə, Göyçay rayon sakini Elşən Cəfərovun ürəyində ciddi problemlər var imiş. O, infarkt səbəbindən həyatını itirib.
Rafiq Məhərrəmlinin isə yaşlı olduğu, havanın və yolun təsirindən dünyasını dəyişdiyi qeyd olunub. Hazırda Kərbəla şəhərində kölgədə havanın temperaturu 49 dərəcədir. Əldə etdiyimiz digər məlumata görə, Elşən Cəfərov və Rafiq Məhərrəmli şəxsi büdcələri hesabına ziyarətə gediblər. Bu məlumatı Qafqaz Müsəlmanları İdarəsindən saytımıza təsdiqləyiblər.
Qeyd edək ki, Elşən Cəfərov Kərbəla şəhərində, Rafiq Məhərrəmli isə Nəcəf şəhərində dəfn olunub.
Maraqlıdır, Kərbəla ziyarətində vəfat edən zəvvarların həmin torpaqlarda dəfn edilməsi məcburidir?
Sualımızı cavablandıran ilahiyyatçı Tural İrfan "Sherg.az"a deyib ki, Kərbəla ziyarəti İslama dinində böyük savab sayılan əməllərdəndir:
''Tarix boyu Kərbala ziyarətinə xalqımızın inanclı adamları gediblər. Hətta, orada dəfn edilməyi vəsiyyət edənlər, vəfat edib dəfn edilənlər də çox olub. İslama görə, insan harada vəfat edirsə, orada dəfn edilməlidir. Yəni cəsədi aparıb- gətirmək bəyənilmir. Məsələn, peyğəmbər ordusunun Fələstin tərəfdə Roma ilə savaşında əmisi oğlu Cəfər bin Əbu Talib qolları kəsilərək şəhid oldu, onu orada dəfn etdilər. Hazırda məzarı İordaniyadadır. Bu isti vaxtda uzaq məsafədən meyiti aparmaq problem yaratdığı üçün, eyni zamanda savaş səfəri zamanı daha da məşəqqətə səbəb olduğuna görə o dövr üçün xarakterik idi. Xüsusən müqəddəs sayılan torpaqlarda vəfat edən müsəlmanı gətirmək yox, onu orada dəfn etmək lazımdır. Bu eyni zamanda onun üçün bir qismət, xeyirli aqibət hesab olunur. Həcc zamanı vəfat edənləri də Məkkədə dəfn edirlər. Kərbəla, Nəcəf, Samirə kimi şəhərlərdə də Əhli Beyt İmamlarının məzarı, ziyarətgahı var. Ora gedən müsəlman da vəfat etdiyi təqdirdə əgər imkan varsa, orada dəfn edilir. Lakin istəyən də vətənə gətirə bilər. Yəni, burada bir məcburiyyət yoxdur. Sadəcə dinimizdə meyitin də ehtiramını qorumaq buyrulur''.
T.İrfan vurğulayıb ki, ölən adamı dərhal torpağa dəfn etmək eyni zamanda ona ehtiramdır:
''Yəni, bir adamı ölü, ya sağikən gedəcəyi mənzilə gözlətməmək, ləngitməmək tövsiyyə edilir. Ona görə də ölünü vəfat etdiyi yerdə dəfn etmək daha yaxşıdır. Ola bilsin, meyit uzaq məsafəyə aparılarkən qoxusun, minik qəzaya düşsün, vəhşi heyvanlara tuş gəlsin, ölünün yaxınlarının kədəri daha da artsın və. s. Bu kimi ehtimallara əsasən mərhumun dərhal vəfat etdiyi bölgədə dəfn edilməsi daha münasibdir. Amma müxalif səbəblərdən, məsələn, vəsiyyət üzündən, yaxud digər zərurət ucbatından uzaq məsafədən gətirmək, yaxud aparmaq da olar. Bu barədə şəriətin qəti hökmü yoxdur. Zaman, məkan, şərait, imkan nəzərə alınaraq davranılır. İsti vaxtda ziyarətə getmək məsələsinə gəlincə, bu xəstə və yaşlı adam üçün doğru deyil. Ona görə şəraitdə ibadət və ziyarət zamanı sağlamlıq, yaş nəzərə alınır. Ancaq bəzi müsəlmanların sevgisi, inamı güc gəlir, xəstəlik və yaşa baxmırlar, gedirlər. Şeyx Şamil, Ababsulu Ağa Bakıxanov da Məkkədə vəfat edib. Kərbəlada vəfat edən şəxsin də qədəri, qisməti orada dəfn olunmaqdır. Allah rəhmət etsin''.