"Səba" ləğv olunur

"Səba" ASC-nin səhmdarlarının oktyabrın 28-i, saat 15:00-a təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyi dəyişib.
"Report" xəbər verir ki, yığıncağın gündəliyinə səhmdar cəmiyyətin ləğv edilməsi, bununla bağlı Ləğvetmə Komissiyasının yaradılması, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğvetmənin başa çatdırılması və ləğvetmədən sonra onun aktivlərinin səhmdarlar arasında bölüşdürülməsi barədə, eləcə də "Səba"nın və onun törəmə cəmiyyətləri -"Qarabağ Taxıl" və "Biləsuvar Aqro" MMC-lərin kreditor öhdəliklərini icra etmək və cari təsərrüfat fəaliyyətlərinin maliyyələşdirilməsini təmin etmək məqsədilə "Qarabağ Taxıl"ın mülkiyyətindəki Kürdəmir və Ağsu rayonlarının ərazilərində yerləşən torpaq sahələrinin və həmin sahələrdəki "Pivot" tipli suvarma sistemlərindən ibarət əsas vəsaitlərinin satılması barədə məsələlər daxil edilib.

Bundan başqa, səhmdarlar əvvəlcədən elan edildiyi kimi aşağıdakı məsələləri də müzakirə edəcəklər:

1. "Səba"nın Direktorlar Şurası barədə;

2. "Səba"nın tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-yə kredit öhdəliyinin ötürülməsinə dair əqd barədə;

3. "Chicken Pro."ya məxsus əmlakın ipoteka ilə yüklü edilməsinə dair əqd barədə;

4. "Chicken Pro."nun nizamnamə kapitalındakı "Səba"ya məxsus payların satılmasına dair əqd barədə;

5. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Qarabağ Taxıl"ın "Qarabağ Toxum" MMC-nin nizamnamə kapitalındakı paylarının satılmasına dair əqd barədə;

6. "Qarabağ Taxıl"ın ötən illərin yığılmış mənfəətinə əsasən dividendlərin elan edilməsi barədə;

7. "Səba"nın əvvəllər emissiya edilib yerləşdirilmiş və geri alınmış səhmləri barədə;

8. "Səba"nın birgə təsisçiliyi ilə yaradılmış "Biləsuvar Aqro"nun nizamnamə kapitalındakı payların satılması barədə;

9. "Səba"nın nizamnamə kapitalındakı minoritar səhmdarlara məxsus səhmlərin geri alınması barədə;

10. "Səba"nın Nizamnaməsinin yeni redaksiyası barədə.

Yığıncaq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında keçiriləcək.