Kustar üsulla hazırlanmış cihazlardan istifadə olunmamalıdır -Ekspert

Araşdırmalar göstərir ki, məişətdə elektrik və qaz təsərrüfatlarında olan nasazlıqlar, habelə ehtiyatsızlıq və nəzarətsizlik yanğın və partlayış hadisələrinin əsas səbəblərindəndir. Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar, fiziki və hüquqi şəxslər tərəfindən təhlükəsizlik qaydalarına laqeyd yanaşma, o cümlədən yol verilən səhlənkarlıqlar sonda acı nəticələrə gətirib çıxarır, insanların həyat və sağlamlığına, eləcə də əmlaka və infrastruktura ziyan vurur.
AZƏRTAC xəbər verir ki, bütün bunları, xüsusilə ilin soyuq aylarında elektrik və qaz qızdırıcı cihazlarına olan yüksək tələbatın yanğın-partlayış riskini artırdığını nəzərə alaraq, FHN əhaliyə müraciət edib.
Müraciətdə mühüm təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyi bir daha xatırladılır:
- nasaz və standartlara uyğun olmayan elektrik və qaz cihaz və qurğularından istifadə etməməli;
- elektrik və qaz təsərrüfatı daim saz vəziyyətdə saxlanılmalı;
- elektrik və qaz şəbəkəsinin quraşdırılması, habelə təmiri yalnız mütəxəssisə həvalə edilməli;
- elektrik xətləri və uzadıcılarını həddindən artıq yükləməməli;
- elektrik və qaz cihazları uşaqlar tərəfindən istifadə edilməməli və daim nəzarətdə saxlanılmalı;
- mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamamalı;
- mənzili tərk edərkən elektrik və qaz cihazlarını işlək vəziyyətdə qoymamalı;
- mənzilə daxil olarkən qaz sızmasının baş vermədiyinə əmin olmadan işıq yandırmamalı, elektrik və qaz cihazlarını işə salmamalı, açıq oddan istifadə etməməli, qaz iyi hiss etdikdə isə dərhal qapı-pəncərələri açmalı, mənzilə qazın girişini bağlamalı və mütəxəssis çağırmalı;
- tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmamalı.
Göstərilən sadə, lakin çox vacib təhlükəsizlik qaydalarına əməl etməklə, həyat və sağlamlığa, əmlaka mümkün zərərlərin qarşısı alınmış olacaq!
Unutmayın, qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng vurun!

Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki, qış aylarının gəlişi ilə əlaqədar insanların isidici cihazlara tələbatı artıb:

“İsidici cihazlar qazla və elektriklə istifadə olunan cihazlardır. Bu cihazlar təlimata uyğun istifadə edilmədikdə və təhlükəsizlik qaydalarına riayət olunmadıqda insana mənfi təsir və bədbəxt hadisə ehtimalı yüksəlir. Ümumiyyətlə qazla istifadə olunan cihazların natamam yanma nəticəsində dəm qazı buraxması və yaxud təbii qazın sızması halları ola bilər. Bu da dəm qazı nəticəsində insanın həyatını itirməsi, qaz sızması nəticəsində partlayışın olması hallarına gətirib çıxarır. Həmçinin elektriklə istifadə olunan cihazların elektrik sistemində və ya naqillərində hər hansısa qısaqapanma olduqda da yanğın hadisələrinin baş vermə ehtimalı yüksəlir. Təbii ki, elektrik cihazları qaz cihazlarına nisbətən daha təhlükəsiz hesab olunur. Amma hər bir cihazın və qurğunun öz təhlükə riski mövcuddur. Kustar üsulla hazırlanmış cihazlardan istifadə olunmamalıdır. Calaq olunmuş naqilli elektrik cihazlarından istifadə etmək yolverilməzdir. Cihazlar istifadə edildikdə daim nəzarət altında olmalıdırlar. Qazla istifadə olunan cihazlar olan obyekt və otaqlarda detektorların quraşdırılması müsbət nəticə verir. Hansısa bir qaz sızması və yaxud dəm qazı mövcuddursa detektor işə düşür. Bu halda insan məlumatlı olur. Ona görə də bu detektorların quraşdırılmasında hər bir insan təşəbbüs göstərməli, quraşdırılmasına şərait yaratmalı və təmin etməlidir”.