Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Mütəxəssislər ciddi dəyişiklik tələb edirlər
Məktəbəqədər təhsil müəssisələri - uşaq bağçaları və orta məktəblərdə qidalanmanın təşkili uşaqların sağlam inkişafında xüsusi əhəmiyyət daşıyır. Sevindirici haldır ki, Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi bu müəssisələrdə vaxtaşırı monitorinqlər aparır, nöqsanlar aşkarlandıqda onların aradan qaldırılması istiqamətində lazımi addımlar atılır.
AQTA sədri Qoşqar Təhməzli yerli mediaya müsahibəsində, xüsusən özəl bağçalarda qidalanma ilə bağlı vəziyyətin ürəkaçan olmadığını deyib. Məktəb və uşaq bağçalarında qida zəhərlənmələrinin qarşısının alınması üçün həyata keçirilən tədbirlərdən danışan AQTA sədri deyib ki, özəl bağçaların səksən faizdən çoxunda aparılmış nəzarət tədbirləri zamanı ciddi nöqsanlar aşkar edilib: “Məktəb və bağçalarda qida təhlükəsizliyi sahəsində Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Həm məktəbəqədər təhsil müəssisələrində, həm də ümumi təhsil müəssisələrində tərəfimizdən mütəmadi monitorinqlər aparılır. Həm məktəblərdə, həm də məktəbəqədər təhsil müəssisələrində tərəfimizdən geniş maarifləndirmə işləri həyata keçirilir. Həmin müəssisələrdə qida təhlükəsizliyi və keyfiyyətə nəzarət üzrə məsul şəxslər müəyyən edilib, onlara müvafiq təlimlər keçirilib və qida təhlükəsizliyi ilə bağlı zəruri təlimatlar verilib. Təəssüflər olsun ki, özəl uşaq bağçalarında qidalanma ilə əlaqədar vəziyyət ürəkaçan deyil. Özəl bağçaların səksən faizdən çoxunda aparılmış nəzarət tədbirləri zamanı ciddi nöqsanlar aşkar edilib. Daha dəqiq desək, yoxlanılan 107 uşaq müəssisəsinin 88-də müxtəlif qanun pozuntuları müəyyən olunub”. Aşkar edilmiş nöqsanlar arasında istifadə müddəti bitmiş ərzaq məhsullarından istifadə, qida məhsullarının saxlanma rejiminə düzgün əməl olunmaması, qida məhsullarının saxtalaşdırılması halları, eləcə də kərə yağı adı altında bitki mənşəli yağların uşaqlara təqdim edilməsi kimi ciddi pozuntular var. Bundan əlavə, müəssisələrdə sanitar-gigiyenik və sanitar-texniki vəziyyətlə bağlı da ciddi çatışmazlıqlar qeydə alınıb.
Xatırladaq ki, tibb və təhsil müəssisələri, sosial sahəyə aid müəssisələrdə - uşaq bağçalarında qida normalarının yenilənməsinin hüquqi əsası yaradılması və yeni qida normalarının müəyyən edilməsi məqsədilə "Yaşayış minimumu haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb. Layihəyə əsasən, minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən edilib. Adıçəkilən müəssisələrdə istifadəsi məqsədəuyğun olan qida məhsullarının çeşidliliyinin minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibinə uyğunlaşdırılmasına, həmçinin müxtəlif növ xəstəliklərin müalicə metodikasından irəli gələrək tibb müəssisələrində yeni qida normalarının müəyyən edilməsinə ehtiyac yaranıb. Məsələ təhsil müəssisələrini də əhatə etdiyindən xüsusilə vacib görünür. Uşaq bağçaları, orta məktəb bufetlərində, həmçinin uşaq evləri, internat məktəbləri, sosial sığınacaqlarda gündəlik yemək norması günün tələbinə uyğunlaşdırılmalıdır.
Pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında qeyd etdi ki, AQTA-nın keçirdiyi yoxlamalar alqışlanmalıdır. Uşaqların düzgün qidalanması təşkil edilməlidir. Qida normalarının yenilənməsi isə zəruridir:
- Bağçada uşaqlara qarabaşaq və makaron, üstündə də toyuq filesi verilir. Bundan savayı başqa bir ərzaq yoxdur. Qarabaşaq diyetik qidadır. Mədə-bağırsaq üçün faydalıdır. Toyuq əti də yüngüldür, tərkibində B qrupu vitaminləri, zülal, minerallar, müəyyən miqdarda yağlar var. Amma uşaq həmişə eyni qidanı yeməməlidir. Başqa qidalar da yeyilməlidir, müxtəlif vitaminlər, zülalla zəngin qidalar. Uşaqların sağlam böyüməsi, orqanizmin möhkəmlənməsi, əzələ bərkliyi üçün müəyyən qidalar var ki, uşaq onları mütləq qəbul etməlidir. Həftənin 5 günü səhərdən axşamadək uşaqlar bağçanın ixtiyarındadır. Ancaq şənbə-bazar günləri, bayramlarda evdə olurlar. Bir-iki gün evdə normal qidalanma ilə uşağın orqanizmi möhkəmlənməz. Bu, mütəmadi, hər gün olmalıdır. Məsələ bundadır ki, uşaqlar bağçada qarabaşaq, makarona o qədər vərdiş edir ki, evdə başqa yeməklərdən imtina edirlər. İndiyədək qüvvədə olan istehlak səbəti üzrə ərzaqlara baxanda görürük ki, məsələn, 0-15 yaş arası uşaqlar üçün ət və ət məhsullarının illik norması 29.6 kiloqramdır. Bu, ay ərzində 2 kiloqram ət deməkdir. 365 günün hər birinə təxminən cəmi 12 qram ət düşür. 2 kiloqram ət 30 gün ərzində yeyilməlidir. Bu, o deməkdir ki, uşaq ayda cəmi 2 kiloqram ət yeyəcək. Düzdür, bu, minimum göstəricidir. Amma maksimumun nə qədər olduğunu necə bilək? Uşaq bağçaları aylıq nə qədər ərzaq alır və bu ərzağın içində ətin ümumi çəkisi nə qədərdir? Məsələn, meyvənin illik miqdarı 76 kiloqram göstərilib, əvvəlki istehlak səbətində. Bununla hər uşağa gündə 5-6 qram meyvə düşür. Bu meyvənin hansı meyvələrdən nədən ibarət olduğu bilinmir. Hər uşaq hər gün azı 1 alma, 1 kök, müxtəlif tərəvəzlər yeməlidir. Sağlam olmaq üçün. Verilirmi bu uşaqlara? Balıq məhsullarının çəkisi lap azdır. Halbuki məhz balıq məhsulları orqanizmin zəruri ehtiyacı olan D vitamininin daşıyıcılarıdır. Məktəblərdə, digər uşaq müəssisələrində də, o cümlədən qida normalarının yenilənməsinə ehtiyac var. Nəzərə almaq lazımdır ki, hazırda qidaların tərkibi vitaminlərlə zəngin deyil. Uşaqlara məhz vitaminlərlə zəngin qidalar verilməlidir.
Qida məsələləri üzrə ekspert Ağa Salamov da “Şərq”ə açıqlamasında bildirdi ki, uşaqlar bizim gələcəyimizdir deyiriksə, onların sağlam qidalanması təmin olunmalıdır və hər bir müəssisə qaydalara, normalara əməl etməlidir:
- Qida təhlükəsizliyi, ərzaqların saxlanma şəraiti, xörəklərin bişirilmə texnologiyası, hansı yeməyin uşaqlara nə zaman verilməsi, qidalar arasındakı uyğunluq, bütün bunlar qida elmidir və uşaq müəssisəsində çalışanlar bu qaydaları bilməlidir. Uşağa qidanı yalnız qarnı doysun deyə verməməlidirlər. Uşağın qidalanması elə olmalıdır ki, faydalı olsun, inkişafına xidmət etsin, mədə-bağırsaq pozuntusu yaratmasın, uşağın boy artımı, görmə qabiliyyəti, hemoqlobin yüksəlməsi, bağırsaq florası üçün, ümumən sağlam inkişafına xidmət etmiş olsun. Menyunun tərtibatı əsasdır. Bağçalarda gün ərzində 5 vaxt qidalanma və ara qidalar düzgün şəkildə planlaşdırılmalıdır. Rasiona mütləq balıq, ət və toyuq əti daxil edilməlidir. Paxlalılar, düyü, qarabaşaq və tərəvəzlərdən istifadə olunmalıdır. Vitamin dəstəyi üçün uşaqlara mütləq mövsümi meyvə və tərəvəzlər verilməlidir. Tərbiyəçilər yeməyi sadəcə uşağın qarşısına qoyub getməməli, onlarla ünsiyyət qurmalıdır. Yeməkdən əvvəl uşaqlara hansı qidaların faydalı olduğu və niyə tərəvəz-yarmaları yeməli olduqları başa salınmalıdır. Bir də ki, düzgün qidalanma vərdişləri bağçadan deyil, ilk olaraq evdən başlayır. Valideyn evdə uşağa qazlı içki, "fastfood", kartof qızartması verirsə, uşağın bağçada sağlam qidalanması effektiv olmayacaq.
Mütəxəssis qeyd etdi ki, uşaq müəssisələrində təsadüfi şəxslər aşbaz işləməməlidir:
- Söhbət uşaq müəssisəsindən gedirsə, burada xörəkləri hazırlamaq ixtisaslaşmış şəxslərə, aşbazlara həvalə edilməlidir. Təsadüfi şəxslər xörəyə hansı ərzağın nə qədər qatılmalı olduğunu, normativləri bilmirlər. Bunu xüsusi ixtisaslaşmış şəxslər bilir. Uşaq müəssisəsində sanitar normalara riayət edilməsinə də ciddi fikir verilməlidir. İşçilər, aşbazlar, xörək paylayanlar mütləq gigiyenik əlcəklərlə işləməli, saç hissəni xüsusi papaqla örtməli, əyinlərində təmiz az xalatlar olmalı, həmçinin sağlamlıq haqqında arayışları olmalıdır. Uşaq orqanizmi həssasdır. Adi bir bioloji çirklənmə uşaq orqanizmində ağır fəsadlara yol aça bilər.