İŞİD-in tamamilə məhvinə imkan verməzlər

 Ən yaxşı halda cildini dəyişərək başqa adla və başqa formada yenidən meydana buraxarlar
Uzun zamandır İŞİD terror təşkilatının adı və törətdiyi teraktlar demək olar ki, gündəmə gəlmir. Bir neçə il əvvəl Yaxın Şərqdə terrorçu qruplaşmaya qarşı aparılan birgə hərbi əməliyyatlardan sonra İŞİD-in zəiflədiyi, başqa ölkələrə transfer olduğu, hətta tamamilə sıradan çıxdığı deyilirdi. Amma yayılan xəbərlərdən aydın olur ki, terror təşkilatı hələ də öz mövcudluğunu qoruyur.
Ötən gün ABŞ Müdafiə Nazirliyinin baş inspektoru Qlenn Faynın hesabatında vurğulanıb ki, İŞİD terror təşkilatı İraq və Suriyada yeraltı şəbəkənin möhkəmlənməsi və genişlənməsi ilə məşğul olur. Hesabatda qruplaşmanın özünəməxsus maliyyə şəbəkəsini bərpa edəcəyi də bildirilir. Ekspertlərin fikrincə, ümumiyyətlə, hər hansı terror təşkilatının, ələlxüsus da müxtəlif ölkələr və ya gizli güclər tərəfindən dəstəklənən qruplaşmaların tamamilə məhv edilməsi mümkünsüz sayılır. Yəni terrorçular məhv olmur, sadəcə bir cilddən başqa bir şəklə keçir. 



Amerika rəsmi qurumlarının hesabatını “Şərq”ə təhlil edən politoloq Kənan Paşayev bildirib ki, müxtəlif dövrlərdə İŞİD-lə bağlı informasiyaların yayılması məqsədyönlü şəkildə həyata keçirilir. Analitikin sözlərinə görə, ötən illər ərzində İŞİD-ə qarşı yaradılmış koalisiyaların hərbi əməliyyatları terrorçu şəbəkəni xeyli zəiflətdi. Lakin buna aldanıb, arxayın olmaq lazım deyil:

“Terrorçu qruplaşmanın öz fəaliyyətini “dayandırması” əvvəlki gücünü yenidən qazanmaq üçündür. İŞİD-in tamamilə yoxa çıxması ilə bağlı xəbərlər terrorçu qruplaşmanın varlığında maraqlı olan dairələr tərəfindən ortaya atılmış şayiələrdir. Ümumiyyətlə, İŞİD terrorçu qruplaşmasının Suriya və İraqla yanaşı, Nil və Fərat çaylarının ətraf bölgələrində varlığı bir çox super güclərin marağına xidmət edir.
Bu səbəbdən İŞİD terrorçu qruplaşmasının tamamilə məhvinə imkan verməzlər. Ən yaxşı halda cildini dəyişərək başqa adla və başqa formada yenidən meydana buraxarlar. Eynilə illər əvvəl “Əl-Qaidə” terror təşkilatının senarisi belə yazılmışdı”. 
Ekspert bildirib ki, dünya mətbuatında tez-tez Suriya və İraqdakı terror qruplaşmasına maliyyə göndərən şəxslərin və təşkilatların aşkar edildiyi ilə bağlı məlumatlar yayılır:
“ABŞ Müdafiə Nazirliyinin son hesabatı maliyyə yardımının dəqiq ünvanının göstəricisidir. Yeraltı şəbəkənin möhkəmlənməsi və genişlənməsi yaxın zamanlarda yeni adda bir terrorçu təşkilatın teraktlarına şahid olacağımızdan xəbər verir”.