Tibbi maskalar koronavirusdan qorumağa zəmanət vermir. İsrailin "Tel-a-Şomer" kliniki mərkəzinin infeksionisti Vladislav Litaçevski bəyan edib ki, mövcud maskalar viruslardan 100 faiz qorumaq gücündə deyil.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, ekspert maskaların yoluxma ehtimalını azaltdığını, lakin onun virusdan qorunmaq qabiliyyətinin bir çox amillərdən asılı olduğunu qeyd edib.
"Misal üçün, maskanın tikildiyi parçanın məsamələrinin sıxlığı vacib amillərdəndir. Bu, hissəciklərin nə qədərinin ətrafa sıçrayacağına təsir göstərir. Bizdə hələ özümüzü nədən qorumaq istədiyimiz barədə təsəvvür yoxdur", - deyə Litaçevski bildirib.
Yoluxucu xəstəliklər üzrə mütəxəssis, koronavirusdan qorunmaq üçün müvafiq tədbirləri də sadalayıb. O, izdihamlı yerlərdən çəkinməyi, Çinə səfərləri ləğv etməyi və heyvan bazarlarına getməməyi məsləhət görüb.
Litaçevskinin sözlərinə görə, koronaviruslar həkimlərə çoxdan məlumdur. Onlar yuxarı tənəffüs yollarının bütün virus infeksiyalarının on faizinə səbəb olurlar. Adətən xəstəlik öz-özünə gedir, amma indi həkimlər koronavirusun əvvəllər məlum olmayan genetik növlərini aşkar ediblər. Ekspert əlavə edib ki, indi virusun mənbəyi heyvanlar, yarasalar hesab olunur.
Bu arada rusiyalı teleaparıcı Yelena Malışeva koronavirus 2019-nCoVа-dan müdafiə ilə bağlı tövsiyələrini verib. Onun sözlərinə görə, hələlik Rusiya vətəndaşları üçün təhlükə yoxdur. Çinə səfər zamanı isə maskadan istifadə etmək, əlləri tez-tez sabunla yumaq və tərkibində spirt olan gellərlə təmizləmək lazımdır.
Çində koronavirusdan ölənlərin sayı kəskin şəkildə artıb. Son bir sutka ərzində bu virusdan 45 nəfər ölüb. Fevralın 1-nə olan məlumata görə, dünyada bu virusa yoluxanların sayı 11 min nəfəri ötüb.
Koronavirus 2019-nCoV-yə yoluxma hallarının əksəriyyəti başda Tibet olmaqla Çində qeydə alınıb. İnfeksiya ABŞ, Böyük Britaniya, bir sıra Avropa və cənub-şərqi Asiya ölkələrinə də çatıb. Bu virusun insandan insana keçmə qabiliyyətinin olduğu məlumdur. Onun əsas simptomları yüksək temperatur, tez yorulma, bəlğəmli öskürəkdir.