“Müşavirləri Trampı başa saldılar ki, Çinlə...” - Zidiyyətlərin pərdəarxası...

“...Bütün körpüləri yandırmaq olmaz. Bu, ABŞ-ın özünə sərf etmir”




ABŞ Prezidenti Donald Tramp Çinin Sincan-Uyğur Muxtar Rayonunda uyğurlara qarşı həyata keçirilən təzyiqlərə görə bu ölkənin məmurlarına qarşı sanksiyaların tətbiq olunmasını dəstəkləməyib.

Bu barədə “Axios” agentliyi xəbər yayıb. Birləşmiş Ştatların prezidenti bildirib ki, onlar Çinlə böyük iqtisadi sövdələşməyə imza atıblar. D.Tramp əlavə edib ki, Çin ABŞ mallarının əsas alıcısıdır və əlavə rüsumların tətbiq olunması sanksiyadan daha pis nəticələrə səbəb ola bilər. ABŞ administrasiyasının bəzi üzvləri prezidentin çinli rəsmilərə qarşı “Maqnitski aktı”nı tətbiq etməməsindən məyus olduqlarını bildiriblər.



Vəziyyəti “Sherg.az”a təhlil edən politoloq Elxan Şahinoğlunun fikrincə, Trampın qərarları arasında paradoksallıq var:

 “O, bir az əvvəl Çinə qarşı sərt iqtisadi təzyiqlərə start verəcəyini demişdi. Səbəb isə Çinin iqtisadi cəhətdən ABŞ-dan üstün olmasıdır. Tramp bunu çox yaxşı başa düşür və mövcud vəziyyətlə barışa bilmir. Amma dövlət başçısının indi dedikləri çox qəribədir. Onun sözləri ziddiyətlidir”. 
 Palitoloqun sözlərinə görə, Tramp radikal siyasətinin nə ilə nəticələnəciyini təxmin edib: 

“Hələ pandemiyadan əvvəl ABŞ-ın atdığı sərt addımlar Çində narazılıqla qarşılanmışdı. Sonradan tərəflər arasında razılıq yarandı. Amma bu dəfə koronavirus vəziyyəti yenidən kəskinləşdirdi. Tramp dəfələrlə Çinə qarşı sərt ifadələr işlətdi. Amma , görünür, sonradan müşavirləri ona başa saldılar ki, Çinlə bütün körpüləri yandırmaq olmaz. Bu, ABŞ-ın özünə sərf etmir”.

E.Şahinoğlu, həmçinin qeyd etdi ki, “iki qoçun başı bir qazanda qaynamaz” prinsipi bu dövlətlər arasında münasibətdə hələ uzun illər özünü göstərəcək: 

“Çin indi dünyanın ən böyük güc mərkəzlərindən biridir. Əvvəl iqtisadi cəhətdən güclü idisə, indi həm də siyasi və hərbi baxımdan öndədir. Əlbəttə, bu, bir çox dövlətləri, o cümlədən də ABŞ-ı narahat edir. Odur ki, belə çəkişmələr davam edəcək. Lakin tərəflər arasında əməkdaşlıq da istisna deyil”.