Hələ ki İvanişvili hakimiyyəti susur

Tovuz döyüşlərindən sonra Gürcüstanda ermənilər azərbaycanlılara qarşı aqressivləşib

Qabil Hüseynli: "Gürcüstandakı ermənilər Moskvadan aldıqları göstəriş əsasında soydaşlarımızla münaqişəyə girirlər"


Gürcüstanda yenidən azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub. Münaqişəyə səbəb mal-qaranın başqasına aid örüş sahəsinə girməsi və torpaq sahiblərinin heyvanları qovmasıdır. Ümumiyyətlə, bu hal ilk dəfə yaşanmır. Bundan əvvəl azərbaycanlılar və ermənilərin birgə yaşadığı Xocerni kəndində insident baş vermişdi. Kənd sakinləri arasında əkin sahəsi ilə bağlı anlaşılmazlıq səbəbindən mübahisə yaranmışdı.

Həmçinin, bu ilin iyulunda Cavaxeti Dövlət Universitetinin azərbaycanlı və erməni tələbələri arasında münaqişə baş vermişdi. İnsidentə səbəb Tovuz döyüşləri idi. Gürcüstan Vahid Milli Hərəkat Partiyasının Marneulidən deputatı Azər Süleymanov proseslərlə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Gürcüstanda örüş üstündə tez-tez belə mübahisələr düşür. Amma dövlət məsələni araşdırmamağa çalışır. Deputatın sözlərinə görə, Tovuz döyüşlərindən sonra ermənilər tərəfindən azərbaycanlılara qarşı aqressiyası artıb:

“Xüsusən də ermənilərin kompakt yaşadığı bölgələrdə azərbaycanlılara bu münasibət var. Tovuz hadisələrindən sonra lokal da olsa, ermənilər Ermənistana dəstək aksiyaları keçirib. Təəssüf ki, Gürcüstan hökuməti bu məsələlərə göz yumur.

Bu da İvanişvili iqtidarının siyasətinin nəticəsidir ki, Gürcüstanda milli problemlər yaşanmaqdadır. Gürcüstanda yarım milyon azərbaycanlı var, əgər hökumət məsələləri həll etməsə, bizim qeyrətli oğullarımız onların cavabını verməyə hazırdırlar. Çox təəssüf ki, hökumət hələ ki baş verənləri susqunluqla qarşılayır”.

Qonşu ölkədəki narahatedici hadisələri “Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli bildirib ki, son dövrlər Azərbaycan və azərbaycanlılar üzərinə total hücumlar başlayıb. Siyasi şərhçinin sözlərinə görə, bu olayların tətikləyici qüvvəsi Rusiyadır:

“Azərbaycanı hərtərəfli məngənəyə alıb sıxmaq istəyirlər. Azərbaycanla Türkiyə arasındakı hərbi təlimlərdən, birgə mesajlardan sonra bizə qarşı aqressiv davranışların şahidi olmaqdayıq. Görünür, qardaş ölkə ilə hərbi yaxınlaşma bəzi dövlətləri əməlli-başlı qıcıqlandırıb. Ermənistanın Rusiyanın qulbeçəsi olduğunu hamı gözəl bilir.

Gürcüstanda yaşayan soydaşlarımız zaman-zaman ermənilərin, yaxud gürcüləşmiş ermənilərin təzyiqlərinə, təxribatlarına məruz qalırlar. Xoşagəlməyən hal odur ki, Gürcüstanın siyasi rəhbərliyində də gürcüləşmiş ermənilər az deyil. Həmin qüvvələr erməni-azərbaycanlı münaqişələrinə təkan verirlər, olayları görməzdən gəlirlər.

Əslində otlaqlar uğrunda baş verən münaqişələr sadə, qeyri-ciddi məsələ deyil. Gürcüstan tərəfi illərdir “sürünən ilhaq” siyasətindən istifadə edərək soydaşlarımızın yaşadığı əraziləri onların əllərindən metr-metr alırlar, nəticədə örüş sahələri ermənilər yaşayan bölgələrə düşür. Hesab edirəm ki, Gürcüstandakı ermənilər Moskvadan aldıqları göstəriş əsasında soydaşlarımızla münaqişəyə girirlər.

Azərbaycan dövləti məsələ ilə bağlı Gürcüstanın siyasi rəhbərliyi ilə danışıqlar aparmalı, qızışdırılan münaqişələri nizama salmağın yollarını axtarmalıdır”.