Ermənilərin Gəncədə mülki obyektləri raket atəşinə tutması Misir mətbuatında geniş işıqlandırılıb


Misirin “Egyptonline”, “Alwaseela”, “Gomhoriaonline”, “Rayetmisr” informasiya portalları Azərbaycanın ikinci böyük şəhəri Gəncədə mülki obyektlərin, o cümlədən yaşayış binalarının ermənilər tərəfindən raket atəşinə tutulması, dinc əhali arasında ölən və yaralananların olması barədə xəbərlər yayıblar.

AZƏRTAC-ın Gəncədən yaydığı xəbər və fotoşəkillərə istinadla bildirilib ki, Ermənistan silahlı qüvvələri Cenevrə Konvensiyası ilə qadağan edilmiş silahlardan istifadə edərək Azərbaycanın ikinci böyük şəhərində mülki obyektləri və dinc əhalini hədəfə alıblar.

Xəbərlərdə vurğulanıb ki, Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın bu addımını müharibə cinayəti adlandırıb və Azərbaycan Ordusu qarşısında aciz qalan düşmənin xaincəsinə mülki əhalini atəşə tutduğunu bəyan edib.