Qırğızıstan “qaynayır” - “Daxili siyasi meydan qeyri-stabildir”

Parlament seçkilərinin nəticələrini etibarsız sayıb

«Qırğızıstanda siyasi partiyalar arasındakı rəqabət indi də davam edir»

«Hər halda vəziyyətin necə inkişaf edəcəyi bilinmir. Odur ki, indidən nəticə çıxarmaq tezdir”


Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin nəticələrini etibarsız sayıb. Bu barədə MSK-nın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 5-də Qırğızıstanda parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, hökumətyönlü partiyalar “Birimdik” 24.52% və “Mekenim Qırğızıstan” 23.89%, mərkəzçi “Qırğızıstan” 8.73% və “Bütün Qırğızıstan” 7% səs toplayıb.

Prezident Sooronbay Jeenbekov seçki prosesi zamanı pul müqabilində səs almağın əsas problem olduğunu etiraf edib.
Seçkidə səs almayan partiyaların tərəfdarları dünən axşamdan etiraz aksiyalarına başlayıblar. Etiraz aksiyalarına əsas təşkilatçılarından olan Qırğızıstan Sosial Demokratlar Partiyasına sabiq prezident Almazbek Atambayevin oğlu Seyitbek Atambayev rəhbərlik edir. Etirazçılar təkrar seçkilərin keçirilməsini tələb edirlər.

Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma nəticəsində 590 nəfər yaralanıb, bir nəfər ölüb.
Etirazçılar sabiq prezident A. Atambayevi Dövlət Milli Təhlükəsizlik Komitəsindəki təcridxanadan azad ediblər.
Görünən odur ki, Qırğızıstanda daxili vəziyyət heç də ürəkaçan deyil.



Ölkədəki qeyri-stabil vəziyyəti “Sherg.az”a təhlil edən politoloq İlqar Vəlizadənin fikrincə, indidən nə isə demək çətindir: 

“Prezident Sooronbay Jeenbekovun partiyası daxili siyasi səhnədə mövqelərini bərkidib. Bu, narazılıqla qarşılanır və daxili siyasi prosesə mənfi təsir göstərir. Həmçinin qeyd etməliyəm ki, digər partiyalar da nüfuzludurlar.

Onların müxtəlif maliyyə mənbələri var. Amma Qırğızıstan o qədər də varlı ölkə deyil. Resursun az olması, üstəgəl, koronavirus pandemiyası mübarizəni daha da şiddətləndirir.

Ümumiyyətlə, Qırğızıstanda siyasi partiyalar arasındakı rəqabət indi də davam edir. Daxili siyasi meydan qeyri-stabildir. Jeenbekovun rəqibləri bundan istifadə edirlər. Bu partiyanın Qırğızıstandan kənarda da güclü əlaqələri var. Jeenbekov qonşu dövlətlərlə səmərəli dialoqlar qurmağı bacarır.

Amma Atambayev dövründə belə deyildi. Hər halda vəziyyətin necə inkişaf edəcəyi bilinmir. Odur ki, indidən nəticə çıxarmaq tezdir”