Gürcüstan ABŞ qoşunlarını ölkəsinə çağırır

Gürcü ictimaiyyəti və sabiq nazirlər Azərbaycanda yaşanan proseslərdən “ilhamlanıblar”

Gürcüstanın ekspert cameəsi ABŞ Dövlət katibi Mayk Pompeonun Tiflis səfəri ərəfəsində ona müraciət ediblər. Pompeoya göndərilən açıq məktubda Gürcüstanda ABŞ ordusunun daimi əsasda yerləşdirilməsinə ehtiyac duyulduğu bildirilib. Ekspertlər bu addım sayəsində ABŞ-ın həm azadlıq yolunda Gürcüstan xalqını dəstəkləyəcəyi, həm də özünün regional və qlobal maraqlarının qorunmasını təmin edəcəyini deyiblər. Pompeoya ünvanlanan məktuba imza atanlar arasında Gürcüstanın keçmiş müdafiə nazirləri, sabiq XİN rəhbəri və başqa siyasilər yer alıb. Analitiklərin düşüncəsinə görə, qonşu Gürcüstanda sözügedən məsələnin gündəmə gəlməsinin səbəbi Azərbaycanda baş verənlərdir. Türkiyə ordusunun yaxın günlərdə Azərbaycana gələcəyinə şübhə etməyən gürcü siyasiləri burdakı senarinin Gürcüstanda da reallaşmasına səy göstərirlər. 

Müraciəti “Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə hesab edir ki, gürcü ictimaiyyəti və sabiq nazirlər Azərbaycanda yaşanan proseslərdən “ilhamlanıblar”. Ekspertin fikrincə, qonşu Gürcüstan Qarabağ savaşında və ələlxüsus Rusiyanın neytrallaşmasında Türkiyənin müstəsna rolundan xəbərdardırlar:

“Türkiyənin son dönəmlərdə əldə etdiyi siyasi-hərbi gücü və mənəvi dəstəyi olmasaydı, torpaqlarımızın düşmən işğalından azad edilməsi bir qədər zaman alardı. Qardaş ölkənin hərtərəfli dəstəyi, qətiyyəti və mövqeyi bizə imkan verdi ki, qurtuluş savaşını mümkün qədər tez yekunlaşdıraq. Azərbaycanda baş verənlər bütün dövlətlər, xüsusən qonşu ölkələr üçün nümunə oldu. Gürcüstanın ərazi problemləri var. Düşünürlər ki, ABŞ-ın silahlı qüvvələrini ölkəyə gətirməklə təxminən bizdəkinə bənzər senarini tətbiq edə bilərlər. Yəni amerikalıların siyasi-hərbi təminatı sayəsində torpaqlarının azadlığı uğrunda daha qətiyyətli addım atarlar”.

Siyasi şərhçi bəyan edib ki, burada əsaslı fərq ondan ibarətdir ki, Vaşinqtonun maraqları müxtəlifdir və Ağ Ev Rusiya ilə münasibətləri hərbi güclə normallaşdırmağa çalışmır:

“Başa düşürlər ki, müharibə metodunda risklər daha çoxdur. Ancaq Türkiyə illərdir bizə dəstəyini ifadə edir və vurğulayır ki, hansısa üçüncü güc prosesə qoşulsa, cavab çox sərt olacaq. Digər tərəfdən nəzərə alaq ki, bizim düşmənimiz ermənilərdir, ruslar deyil. Gürcüstanın qarşıdurma yaşadığı ölkə isə birbaşa Rusiyadır. O baxımdan qonşu ölkənin Amerikadan real dəstək alacağı inandırıcı deyil”.