Vazgen Manukyan: “Paşinyanın gedişi ləyaqətimizi bərpa etməyin yeganə yoludur”


Ermənistan Baş nazirinin əsas rəqibi Rusiya sülhməramlılarına və erməni xalqına müraciət etdi

“Ermənistan və "Artsax" silahlı qüvvələrinin rəhbərliyini rus sülhməramlıları ilə birlikdə lazımi qərarlar verməyə çağırırıq”.

Bu açıqlama ilə Vətəni Xilas Etmək Hərəkatından Ermənistanın Baş naziri vəzifəsinə vahid namizəd Vazgen Manukyan çıxış edib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, V.Manukyan öz bəyanatında fərqli mesajlar da verib.

Onları nəzərinizə çatdırırıq: “Rusiya sülhməramlı qoşunlarının "Artsax"dakı missiyasının həyata keçirilməsini yüksək qiymətləndiririk. Lakin heç bir ölkənin sülhməramlı qoşunları yerli silahlı qüvvələr olmadan sərhədlərin və əhalinin təkbaşına qorunmasını və təhlükəsizliyini təmin edə bilməz. Bunu dünən "Artsax"da dərin narahatlığa səbəb olan gəlişmə sübut edir. Ermənistan və "Artsax"dakı dövlət sistemləri bu gün iflic vəziyyətindədir və onların hərəkətsizliyi, eləcə də ordunun vəzifələrini əngəlləməsi silahlı qüvvələrə birbaşa, əsas funksiyalarını yerinə yetirmək imkanı vermir: bu funksiya Ermənistan, "Artsax" və mülki şəxslərin sərhədlərini qorumaqdır. Ermənistanın mövcud siyasi gücünün şübhəli laqeydliyi və bəzi hallarda düşünülmüş davranışı Rusiya silahlı qüvvələrinin vətən qarşısında vəzifələrini yerinə yetirməsinə imkan vermir.

Ermənistan və "Artsax" silahlı qüvvələrinin rəhbərliyini ölkəmizin və xalqımızın təhlükəsizliyini təmin etmək, eləcə də Azərbaycan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasının qarşısını almaq üçün Rusiya sülhməramlı qüvvələri ilə birlikdə lazımi qərarlar qəbul etməyə çağırırıq. ATƏT-in Minsk Qrupu həmsədrlərindən də fəal səy göstərəcəklərini və öz vəzifələrini yerinə yetirəcəklərini gözləyirik”.

V.Manukyan erməni xalqına müraciət edərək yazıb ki, hazırda ölkə rəhbərliyində olan şəxslərin getməsi siyasi və dövlət gündəmindəki bir nömrəli məsələdir: “Nikol Paşinyanın gedişi təhlükəsizliyimizin təmin edilməsinin əsas zəmanəti və ləyaqətimizi bərpa etməyin yeganə yoludur. Vətəni Xilas Etmək Hərəkatına qoşulun! "