Baydenin danışıqları "şou" deyildi

ABŞ və Avropa İttifaqının sərt sanksiyaları Rusiyaya böyük sıxıntılar yaşadacaq


ABŞ və Avropa İttifaqı Rusiya müxalifətçisi Aleksey Navalnının zəhərlənməsi və həbsinə görə Moskvaya yeni sanksiyalar elan edib. Co Bayden Administrasiyası Amerikaının Moskva ilə münasibətlərində “çox fərqli” yanaşma nümayiş etdirəcəyini bildirsə də, əlavə edib ki, Kremlin “qəbulolunmaz davranışlarına” qərbli müttəfiqləri ilə vahid cəbhədən cavab veriləcək. Vaşinqtondan bildirilib ki, ABŞ kəşfiyyatı Navalnının zəhərlənməsinin arxasında Federal Təhlükəsizlik Xidmətinin dayandığını “əminliklə” vurğulayır. Bununla əlaqədar Rusiyanın 7 rəsmisi üzərinə sanksiyalar qoyulur. Vurğulanıb ki, Bayden administrasiyasının Rusiya ilə təmaslarda “tonu” Tramp administrasiyasının münasibətindən “çox fərqli” olacaq: “Məqsədimiz Rusiya ilə sabit və proqnozlaşdırılan münasibətlərə malik olmaqdır. Ancaq bu, çətin olacaq. Çünki Avropa İttifaqının belə bir qənaətini bölüşürük ki, Rusiya avtoritarlıq istiqamətində hərəkət edir”.

Kreml sözçüsü Dmitri Peskov isə sanksiya hədələrini rədd edib və Qərb dövlətinin məqsədlərinə çatmayacağını deyib. Rusiyanın Xarici işlər naziri Segey Lavrov isə bəyan edib ki, Moskva hər hansı yeni sanksiyalara qətiyyətlə reaksiya verəcək: “Əlbəttə, biz cavab verəcəyik. Hələ heç kim diplomatiyanın qarşılıq prinsipini ləğv etməyib”.



Tərəflər arasında yenidən gərginləşən münasibətləri “Şərq”ə təhlil edən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev vurğulayıb ki, Baydenin seçki öncəsi Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyi ilə bağlı bəyanatını “şou” adlandıranlar ciddi yanılıblar. Politoloq hesab edir ki, Co Bayden Rusiyanın əl-qolunu bağlamaq niyyətindədir:

“Respublikaçı senator Lindsi Qremin hazırladığı və “cəhənnəm sanksiyaları” adlanan paket bir neçə ay öncə Senatdan keçməsə də, Bayden paketdə nəzərdə tutulan sanksiyaları artıq tətbiq etməyə başlayıb. İlkin mərhələdə Rusiyanın bank, qiymətli kağızlar və əmanət banklarında olan hesablarına qadağalar qoyulacaq. Artıq proses başlayıb.

ABŞ şirkətləri Rusiyanın energetika və hərbi sahədə fəaliyyət göstərən böyük şirkətləri ilə maliyyə əməkdaşlığına xitam verib. Bundan sonra Rusiya terrorizmi dəstəkləyən ölkələr siyahısına daxil ediləcək. Sanksiyalar Rusiyanı imperiya siyasətindən əl çəkməyə məcbur etmək üçündür. Bundan başqa sanksiyalar hərbi sənaye və energetika sahəsində də özünü göstərəcək.

Məlumdur ki, Rusiya əsasən xammal ölkəsidir. Büdcəsinin böyük hissəsi karbohidrogen xammalın satışından və hərbi sənayedən formalaşır. Neft və təbii qazın satışı ilə bağlı məhdudiyyətlər davam edəcək. Ermənistan baş nazirinin “İsgəndər” ballistik raketləri ilə bağlı bəyanatını Rusiya hərb sənayesinə vurulan ən böyük zərbələrdən biri saymaq olar: “Paşinyanın bu bəyanatı verdikdən sonra təkzib etməsi heç nəyi dəyişməyəcək. Artıq beynəlxalq hərbi mütəxəssislər araşdırmalara başlayıblar”.

Siyasi şərhçiyə görə, Rusiyanın Suriya, Ukrayna və Cənubi Qafqazda hərbi müdaxiləsi bitməyənə qədər ABŞ təzyiqlərini davam etdirəcək:

“Bayden  Rusiyanın Şimali Koreya və Venesuelaya dəstəyini neytrallaşdırmağa çalışacaq. Rusiyanın gələcək taleyi bizi də ciddi düşündürməlidir. Azərbaycan 3 tərəfdən düşmən və dost olmayan ölkələrin əhatəsindədir.

Ölkədə İran və Rusiyanın yüzminlərlə heyranı və dəstəkçisi var. Birincilər, radikal məzhəb üzərindən fəaliyyət göstərənlər, ikincilər isə sovet nostalgiyası ilə yaşayan güclü agentura şəbəkəsidir. Ona görə də Türkiyə ilə yaxınlığımızı daha yüksək səviyyəyə çatdırmalıyıq. Yerevan-Moskva gərginliyinə rəğmən, Rusiyanın Ermənistanı daha müasir silahlarla təchiz edəcəyi şübhəsizdir.

Ərazi bütövlüyümüzün və müstəqilliyimizin qarantı üçün NATO ilə əməkdaşlığa üstünlük verməliyik. Rusiya ciddi sanksiyalara görə, böyük sıxıntılar yaşayacaq. Bu gedişlə qonşu Gürcüstanın NATO-ya inteqrasiyası yaxın zamanlarda gerçəkləşə bilər. Bidzina İvanişvilinin yönəltdiyi siyasi qüvvələr məğlubiyyətə məhkumdur.

Nikol Paşinyan bütün imkanları ilə Rusiyanın təsir dairəsindən çıxmaq üçün çalışır. Rusiyanın Qafqazdan birdəfəlik getməsi üçün tarixi şərait yaranıb. Üç Qafqaz ölkəsi mövcud durumu doğru dəyərləndirərsə, regionda əbədi sülh yarana bilər”.