Bayden Paşinyanın seçkidə qalib olmasına şərait yaratdı

 ABŞ prezidenti labüd olan Türkiyə-Ermənistan əlaqələrinin yaxınlaşmasına imkan vermədi

Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verdiyini açıqlayıb. Baş nazir bu addımını iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı atdığını deyib. Paşinyan baş nazir postuna yenidən namizəd olduğunu, seçkilərə hazırlaşacağını bəyan edib. Bildirib ki, rəhbərlik etdiyi “Vətəndaş razılığı” partiyası seçkilərdə iştirak edəcək və partiya onun namizədliyini irəli sürəcək: “Xalq mənim baş nazir vəzifəsindən getməyimə qərar verərsə, onların iradəsini yerinə yetirəcəm. Baş nazir vəzifəsində qalmağıma qərar versələr, o zaman səlahiyyətlərimin icrasına başlayacam”.

Paşinyanın bu bəyanatı formal xarakter daşıyır, çünki o, istefa versə də, ölkə rəhbəri vəzifəsini “müvəqqəti” icra edəcək. Ermənistanın mövcud konstitusiyasına görə, növbədənkənar parlament seçkiləri yalnız baş nazir istefa verdiyi, parlament isə iki dəfə yeni baş naziri seçə bilmədiyi halda mümkündür. Nəzərdə tutulan parlament seçkiləri proporsional seçki sistemi əsasında keçiriləcək.

BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov “Şərq”ə bildirib ki, Paşinyanın bu seçkilərdən güclü çıxacağı mütləqdir. Analitikin fikrincə, baş nazirin çıxışlarındakı özünəəminlik hissi güclüdür:

“Paşinyan seçkiqabağı bütün hadisələri kampaniya dövründə lehinə istifadə etməyə çalışacaq. Xüsusən, qondarma “soyqırım” kimi erməni cəmiyyəti üçün əhəmiyyət kəsb edən məsələdən əlavə xal qazanmaq istəyəcək. Co Baydenin məlum çıxışı Nikol Paşinyanın hakimiyyəti dövrünə təsadüf etdi. Lakin “soyqırım” ifadəsinin işlədilməsində heç bir rolu olmayan Paşinyan guya onun da əməyi varmış kimi davranacaq. Qondarma “soyqırım” ifadəsinin Ermənistana nə qədər zərbə vurduğunu ermənilər dərk edəcəklər. Bayden bu addımı ilə labüd olan Türkiyə-Ermənistan əlaqələrinin yaxınlaşmasına imkan vermədi. Hələlik ermənilər bunun fərqində deyil. Çünki “soyqırım” adlı xəstə təfəkkür ermənilərin genlərinə işləyib. İllərdir bu ideyanın əsirinə çevriliblər. Bu ideya onları bir arada tutmağa xidmət edir. İndiki halda “soyqırımı” ifadəsinin Amerika prezidenti tərəfindən dilə gətirilməsi Paşinyana siyasi dividend gətirəcək. Paşinyanın seçkidə böyük səs çoxluğu ilə qalib gələcəyi ehtimalı güclüdür”. 

Ekspert vurğulayıb ki, qondarma “soyqırımın” tanınması erməni lobbisinin əsas məqsədi olan təzminat məsələsini gündəmə gətirəcək:

“Ermənilər “soyqırımı” tanıtmaqla Türkiyəyə qarşı təzminat davası açmaq və hətta bunun əvəzində torpaq iddiası irəli sürmək niyyətindədirlər. Məlumdur ki, 40-dan çox ölkə bunu tanıyıb. Ermənilər Amerika və Fransa kimi ölkələrin məhkəmələrində “soyqırım” davaları açaraq, məhkəmə qərarları çıxartmaq fikrindədir. Bu məsələyə ciddi yanaşmaq lazımdır. Bunun qarşısını Qarabağda ermənilərin bizə vurduğu maddi və mənəvi zərərin qarşılığında təzminat davaları açmaqla almaq olar. Erməni lobbisi görməlidir ki, əldə edəcəkləri qazanc itirəcəklərindən qat-qat çox olacaq. Bu onları geri çəkilməyə məcbur edəcək. Bizim işimiz haqq işidir. Ona görə də son nəticədə qalib gələcəyimiz mütləqdir”.