İran güclənməyib, əslində zəifləyib

Axı Ruhani də bilir ki, 6 ildir dünya bazarı İran nefti olmadan keçinir

İran Prezidenti Həsən Ruhani ölkə iqtisadiyyatının inkişafı üçün daxili bazarın yetərli olmadığını və dünya ilə əlaqə qurmadan irəliləyiş əldə edilə bilməyəcəyini bəyan edib. Ruhani bu fikri İranın paytaxtı Tehranda iqtisadçılarla görüşündə səsləndirib. Prezident ölkəsinin xarici siyasəti və iqtisadi böhranla bağlı bir sıra dəyərləndirmələrlə də çıxış edib: “Biz də problemlərin ölkə daxilində həll olunmasına tərəfdarıq, ancaq bilməliyik ki, dünya ilə əlaqə yaratmadan irəliləyiş olmayacaq və İran inkişaf etməyəcək”.

Ruhani, həmçinin əvvəllər 119 milyard dollara olan neft qiymətinin onların hakimiyyəti dövründə 67 dolları keçmədiyini də bildirib. Avstriyanın paytaxtı Vyanada sabah baş tutacaq nüvə müqaviləsi ilə bağlı müzakirələrə toxunan prezident bu müzakirələrin İranın gücünü nümayiş etdirdiyini söyləyib: “Dünya İranla münasibət qurmaq və sanksiyaları ləğv etməkdən başqa yol olmadığını qəbul edib. Bu, İran üçün böyük uğurdur”.

Ruhaninin etiraflarını “Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan İranın iddia edildiyi kimi güclənmədiyini bildirib:

“İran elə güclüdürsə, o zaman Həsən Ruhani niyə deyir ki, “dünya ilə əlaqə yaratmadan irəliləyiş olmayacaq və İran inkişaf etməyəcək”. Deməli, boş yerə hay-küy salmağa ehtiyac yoxdur.

6 ildir dünya bazarı İran nefti olmadan keçinir. Məsələ Tehran hakimiyyətinin atom silahına yiyələnməsinə mane olmaqdır.

Ona görə də danışıqlar yenidən başlayıb. Yollardan biri danışıq, digəri hərbdir. Həsən Ruhani isə danışıq deyil, müharibə tərəfdarıdır? İndiki mərhələdə tərəfləri dialoq qane edir.

Bu baxımdan Qərb İran tərəfinin danışıqlara “qaça-qaça razı olduğunu” demir. Əlbəttə, Ruhani İranın və hakimiyyətin taleyüklü məsələlərini İranın ali rəhbərinin xeyir-duası olmadan dilə gətirə bilməz”.