Ermənilərin sevinci gözündə qalacaq

Baydenin səhvi müsəlman-türk ölkələrini birləşdirəcək

Co Baydenin qərarından heç kim, hətta Ermənistan belə qazanmayacaq”. Bu sözləri “Şərq”ə açıqlamasında siyasi şərhçi Anar İmanov deyib. Ekspert bildirib ki, əksinə, həm ABŞ, həm Ermənistan bu məsələdə uduzan tərəf olacaq: “Məsələ çox sadədir. Bayden ermənilərdən istifadə etdi, səslərindən yararlandı və sonra “borcunu” qaytardı.

Nəticədə ermənilər sevinir, amma nəyə sevinirlər, anlamaq olmur. Baydenin səhvi müsəlman-türk ölkələrini birləşdirəcək. Bundan əvvəl ABŞ hamıya “demokratiya”dan danışırdı. Ancaq bütün dünya gördü ki, Vaşinqton öz maraqları naminə həqiqəti də qurban verir.

Ağ Ev heç bir müsəlman ölkəsinin, xüsusilə Türkiyənin güclənməsini istəmir. Çünki güclü Türkiyə demək, hər məsələdə Ankara ilə hesablaşmaq deməkdir. Ona görə ABŞ bütün dünyaya, Rusiyaya, Çinə, Türkiyəyə qarşıdır. İllər boyu yalanlar uyduraraq Yaponiyaya, Əfqanıstana, Vyetnama, İraqa hücumlar edib. İndi də hədəfdə Türkiyə və onun müttəfiqləridir”. 

A.İmanov deyib ki, ermənilər vəziyyətdən maksimum şəkildə istifadə etməyə çalışacaqlar:

“Amma inanmıram ki, yalanın etirafı nəyəsə ciddi təsir etsin. Ermənilər isə sərsəm iddialarından heç vaxt əl çəkməyəcək. Onların bizə, Türkiyəyə, Gürcüstana qarşı ərazi iddiaları bitməyəcək. 44 günlük ağır və biabırçı məğlubiyyətdən sonra ağıllanmayan ermənilər ABŞ-ın, diasporanın Ermənistanı xilas edəcəyini zənn edirlər. Lakin onların gözləntiləri əbəsdir”.