ABŞ dialoq üçün Rusiyaya şərt qoyur

“Blinkenin açıqlamasında və topu Rusiya rəhbərinə ötürməsində iki məqsəd var”


Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Vaşinqton-Moskva arasındakı gərginlikdən danışıb. Blinken bildirib ki, Prezident Co Bayden aydın şəkildə deyib ki, əgər Rusiya aqressiv və düşüncəsiz addımlar atarsa, mütləq cavab veriləcək: “Əgər Moskva tərəfindən gərginlik olmazsa, Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında bir sıra məsələlər üzrə danışıqlar mümkündür.

Biz daha sabit, proqnozlaşdırıla bilən münasibətlərə üstünlük veririk. Lakin son nəticədə bu, cənab Putindən asılıdır”. Dövlət katibi əlavə edib ki, əgər Rusiya eskalasiyadan imtina edərsə, onda ABŞ onunla ümumi maraq kəsb edən məsələlər, məsələn, strateji sabitlik üzrə işləyə biləcək. 

Ağ Evin dialoq üçün Rusiyaya şərt qoşmasını “Şərq”ə təhlil edən siyasi şərhçi Samir Hümbətov deyib ki, Blinkenin bu açıqlamasında və topu Rusiya rəhbərinə ötürməsində iki məqsəd var. Ekspertin sözlərinə görə, Vaşinqton mümkün qədər Moskvadan güzəşt əldə etmək istəyir:

“Əgər Rusiya güzəştə getməyə razılıq verməzsə, Amerika bundan öz məqsədi üçün istifadə edəcək. Deyəcək ki, baxın ay dünya, biz dialoq, əməkdaşlıq təklif edirik, amma Kreml yaxın durmur. Bununla da növbəti sanksiyalara haqq qazandırmağa çalışır. Ukrayna məsələsində Qərblə Rusiya arasında ciddi konfrantasiya var. Eyni zamanda Belarus məsələsində tərəflərin ziddiyyəti mövcuddur. Qərb ölkələri Belarusda Gürcüstandakı məxməri inqilabın təkrarını həyata keçirmək istəyirlər. Buna nail olub-olmayacaqları bəlli deyil. Çünki bir ilə yaxındır ki, Belarusda etiraz aksiyaları davam edir, amma ortada nəticə yoxdur. Digər problem isə İranla bağlıdır. Rusiya İranla müttəfiqlik münasibətlərini davam etdirir və nüvə məsələsində Tehrana dəstək verir. Onu da vurğulayaq ki, Rusiya ən çox nüvə başlığına sahib ölkədir”. 

Analitikə görə, Qarabağ məsələsi də önəmli faktorlardan sayılır. Çünki Qarabağla bağlı yekun həll mövcud deyil və ortada konkret sülh müqaviləsi yoxdur: 

“Ermənistan uğrunda ABŞ-Rusiya arasında ciddi mübarizə gedir. Vaşinqton Paşinyanı hakimiyyətdə saxlamaqla Ermənistandakı nüfuzunu qorumağa çalışır. Rusiya isə müəyyən mənada baş naziri sıradan çıxartmaqla Qərbin Yerevana təsirini azaltmaq niyyəti güdür. Önəmli məqamlardan biri də Yaxın Şərq problemidir. Xüsusən Suriya məsələsində ABŞ-ın mövqeyi qətidir. Ağ Ev Suriya və İraqdan çıxmaq fikrində deyil. O cümlədən, Şimali Afrikada, Liviyada Vaşinqton-Moskva çəkişməsi gedir.

Rusiyanın enerji məsələsi Avropa üçün ən böyük problem yaradan amillərdəndir. ABŞ bütün gücü ilə çalışır ki, Rusiyanın “Şimal axını 2” layihəsinin qarşısını alsın. Mühüm elementlərdən biri də Rusiyanın 2016-cı ildə Amerikada keçirilən seçkilərə kiber müdaxilədə ittiham edilməsidir.

Bütün bu məsələlər iki tərəf arasında müzakirə mövzusudur və tərəflər arasında ciddi münaqişələrə səbəb olur, münasibətlərin normallaşmasına əngəl törədir.

Rusiyanın hansısa məsələdə güzəştə gedəcəyini düşünmək isə sadəlövhlük olardı. Çünki sadaladığım bütün bölgələr Moskva üçün strateji əhəmiyyətə malikdir”.