ABŞ-dan gələn zəng...

Vaşinqton Bakının incikliyini aradan qaldırmaq üçün təşəbbüs göstərdi

"Ağ Ev Azərbaycanla münasibətlərin normal məcrada getməsində maraqlı olduğunu ortaya qoydu"


Məlum olduğu kimi, aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib. Dövlət katibi Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini vurğulayıb. Həmçinin, enerji və regional təhlükəsizlik sahələrində əməkdaşlığa diqqət yönəldərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini bildirib. Blinken bu il də 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd edib. Söhbət zamanı Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev məsələ ilə bağlı Azərbaycanın mövqeyini çatdırıb.
Ölkəmizin ermənilər tərəfindən dağıdılan ərazilərində bərpa işlərinin həyata keçirildiyini deyib. Ölkə rəhbəri regionda kommunikasiyaların açılmasının önəmini də vurğulayıb və uzunmüddətli sülhün təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Dövlət başçısı ABŞ prezidentinin erməni “soyqırımı” ilə bağlı bəyanatına da təmas edib. Prezident qeyd edib ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, həm də postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır. 

Blinkenin zəngi Bayden Adminstrasiyasının Azərbaycanla yüksək səviyyədə baş tutmuş ilk təmasıdır. Xatırladaq ki, ötən günlərdə Prezident İlham Əliyev ABŞ-ın yeni administrasiyanın regionla bağlı planının olmadığını və ABŞ dövlət katibinin birtərəfli qaydada Yerevanla təmas saxladığını təəssüflə qeyd etmişdi. Blinkenin zəngi, “907-ci” düzəlişin dayandırıldığını qeyd etməsi, regionda sülhün əldə edilməsinə çalışacaqlarını vurğulaması Baydenin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunun mesajıdır.

Vaşinqton regionda yeni siyasi yanaşma ortaya qoya bilər. Son günlərdə Ağ Evdən Ankara və Bakıya isti mesajlar verilməklə iki qardaş ölkə ilə əlaqələri qaydaya salmaq cəhdi görünür. Ekspertlərin fikrincə, ABŞ rəhbərliyinin Azərbaycanla təması gözlənilirdi. Ağ Ev çalışacaq ki, regionda Rusiyanın mövqeyini mümkün qədər zəiflətsin. Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə töhfə verməklə buna nail olmağa çalışacaq. Görünür, Vaşinqton ermənilərə “hədiyyə” versə də, regionda kommunikasiyaların bərpası prosesindən kənarda qalmaq istəmir. Xüsusilə Cənubi Qafqazı Çinlə mübarizə müstəvisinə çevirməyə hazırlaşan Vaşinqtonun Zəngəzur dəhlizini öz təsirinə almaq niyyəti ola bilər. 

Millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu “Şərq”ə bildirib ki, ABŞ dövlət katibi E.Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəngi hər şeydən öncə Vaşinqtonun ölkəmizə verdiyi önəmin göstəricisidir. Deputat vurğulayıb ki, Blinkenin Prezident Co Baydenin uydurma erməni “soyqırımı” ilə bağlı məlum bəyanatından sonra dövlət başçımıza telefon açması diqqətçəkən məqamdır:

“Ağ Ev Azərbaycan-Türkiyə münasibətlərinə yaxşı bələddir. Bayden Administrasiyası da “bir millət, iki dövlət” şüarından məlumatlıdır. Vaşinqton rəsmi Bakının incikliyini aradan qaldırmaq üçün təşəbbüs göstərdi. Əlbəttə, mühüm addımdır və Azərbaycanın regionda güc sahibi olmasının, təsirli mövqeyinin ABŞ tərəfindən qəbul edilməsidir. Ağ Ev Azərbaycanla münasibətlərin normal məcrada getməsində maraqlı olduğunu ortaya qoydu”. 

Parlament üzvü qeyd edib ki, Amerika Azərbaycan kimi güclü tərəfdarını itirmək istəmir və əlaqələri qoruyub saxlamaq niyyətini sərgiləyir: “Blinkenin danışıq zamanı toxunduğu bütün məqamlar və Azərbaycanla əməkdaşlığa xüsusi diqqət çəkməsi söylədiklərimizi təsdiqləyir. Dövlət başçısı İlham Əliyev də öz növbəsində vurğuladı ki, iki ölkə arasındakı əməkdaşlığın zəngin tarixi var. Ölkə başçısı Cənub Qaz Dəhlizinin reallaşmasında da ABŞ-ın dəstəyini yüksək qiymətləndirdi.

Blinkenin məhz indiki məqamda Azərbaycan lideri ilə əlaqə qurması Vaşinqtonun sonrakı mərhələdə iki dövlətin əməkdaşlığında daha maraqlı olacağının nümayişidir”.