Münaqişə su üstündədir


Qırğızıstan Tacikistan arasında gərginlik çox keçmişə dayanır

Qırğızıstan ilə Tacikistan sərhədində yenidən toqquşma baş verib. İki gün davam edən qarşıdurmada hər iki tərəfdən ölənlər və yaralananlar olub. Olaylardan sonra Qırğızıstan Xarici işlər naziri Ruslan Kazakbayevlə Tacikistanın XİN başçısı Sirocaddin Muhriddin arasında telefon danışığı olub. Tərəflər sərhədyanı münaqişəni danışıqlar yolu ilə həll etməyin vacibliyini vurğulayıblar. Problemin həlli ilə bağlı işçi qrupun yaradılması barədə razılıq əldə olunub. 

Son illər tərəflər arasında su üstündə bir neçə dəfə bu cür toqquşmalar yaşanıb. Axırıncı münaqişə aprelin 28-də Qırğızıstanın Batken rayonunun Kök-Taş kəndinin ərazisinə Tacikistan tərəfinin suya nəzarət etmək üçün videokameralar quraşdırmasından sonra başlanıb. Tacikistan tərəfi qırğız kəndinin əhalisini daşa tutub, ov tüfənglərindən istifadə edib. Qarşıdurma nəticəsində 1 nəfər ölüb, 46 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qırğızıstan münaqişə zonasından 400-dən çox sakini təhlükəsiz ərazilərə köçürüb. Aprelin 29-da isə sərhədçilər bir-birinə atəş açıblar. Nəticədə Qırğızıstan tərəfi 13 vətəndaşının öldüyünü, 100-dək sakinin yaralandığını, qarşı tərəf isə 3 tacikistanlının öldüyünü, 31 sakinin yaralandığnı bildirib. Bundan sonra Qırğızıstanın Leylək rayonu ərazisində yerləşən “İnternatsional” kənd sovetinin məclis sədri Tacikistan vətəndaşları tərəfindən girov götürülüb. Aprelin 30-da Tacikistan silahlı qüvvələri Batken bölgəsinin Qızıl-Bel kəndinə hücum ediblər. Hərbçilər kəndi qumbaraatanlardan atəşə tutublar. Sərhəddə yerləşən yaşayış məntəqələrindən 20 mindən çox mülki vətəndaş təxliyə edilib. Prosesin nəzarətdən çıxmasından sonra Avrasiya Hökumətlərarası Şurası çərçivəsində Qırğızıstan və Tacikistanın baş nazirlərinin sərhəd münaqişəsini müzakirə etmək niyyətində olduqları açıqlanıb. Münaqişə ocağının söndüyü deyilsə də, problem həll olunmadığından gərginliyin yenidən baş qaldıracağı ehtimalı qalmaqdadır. Muhriddinin “Tacikistan ona aid olan torpaqlardan heç vaxt geri çəkilməyəcək” ifadələri də qarşıdurmanın davam edəcəyini göstərir.

Siyasi şərhçi Turan Rzayev “Şərq”ə bildirib ki, eyni regionun iki müsəlman ölkəsi arasında yaşanan qarşıdurmalar təəssüf doğurur. Ekspertə görə, xüsusən, türk birliyinin üzvü olan Qırğızıstanın belə bir münaqişəyə qarışması arzuolunan deyil:

“Qarşıdurma anidən başlanmış kimi görünsə də, əslində iki ölkə arasında gərginlik keçmişə dayanır. Problem su üstündədir və arxasında başqa məqamlar, ziddiyyətli hadisələr var. SSRİ vaxtında Mərkəzi Asiya ölkələri, ümumiyyətlə ittifaqa daxil olan bütün dövlətlərin tarixi sərhədləri qeyri-bərabər müəyyən olunub. Hansısa ölkənin vilayəti müəyyən müddət ərzində başqa dövlətin tabeliyinə verilib. Mərkəzi Asiyada da kifayət qədər problemli bölgü aparılıb. Sovet imperiyası region ölkələrinin sərhədlərini qəsdən düzgün çəkməyib. Xüsusən, Qırğızıstan, Özbəkistan və Tacikistan arasındakı sərhədlərdə kifayət qədər anklav əyalətlər var. Bu da qonşu dövlətlər arasında gərginliyin bitməməsinə səbəb olur. Sovetlər Mərkəzi Asiyanı işğal edəndə bölgədə Alaş Orda adlı vahid dövlət var idi. Bu dövlətin tərkibində qazaxlar, özbəklər, türkmənlər, taciklər birgə yaşayırdılar. Sovet rejiminin qurulmasından sonra, ələlxüsus Stalinin dövründə eyni etnik kökə malik xalqlar planlı şəkildə bölünməyə başlandı. Bu siyasətin acı fəsadları isə ortadadır”. 

T.Rzayev vurğulayıb ki, türk toplumunun özbək, qazax, qırğız, türkmən adları ilə ayrı-ayrı millətlərə bölünməsi vahid dövlətin də parçalanmasına gətirib çıxarıb:

“Mərkəzi Asiyanın siyasi xəritəsinə nəzər salsaq, bölgünün nə dərəcədə ədalətsiz və natamam şəkildə aparıldığını görərik. Bölgüdə etnik tərkib, regionun təbii resursları, su və torpaq ehtiyatları demək olar ki, nəzərə alınmayıb. Tacikistan ərazisində su ehtiyatları yox səviyyəsindədir. Qırğızıstan isə əksinə, “sular ölkəsi”nə çevrilib. Bu məqam iki ölkə arasında bitib-tükənməyən insidentin əsasını qoyub. Ümumilikdə SSRİ Tacikistanla Qırğızıstan arasında məqsədli şəkildə 80 dəfə xəritə dəyişimi edib. Amma münaqişənin uzanacağını düşünmürəm. Çünki tərəflər qarşıdurmadan yana olmadıqlarını bəyan ediblər”. 

Siyasi təhlilçi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan iki ölkə arasında baş vermiş qarşıdurmaya Moskvanın səssiz qalmasına da münasibət bildirib:

“KTMT “Rusiyanın NATO-su” adlandırılsa da, effektsiz qurum olduğu hamıya bəllidir. Rusiyanın birbaşa müdaxilə etməməsinin səbəbi kənd sakinləri arasında baş vermiş sərhəd münaqişəsi olması ilə bağlıdır. Yəni Moskvanın hərbi müdaxiləsini zəruri edən gərginlik mövcud deyil. Burada söhbət potensial Ermənistan-Azərbaycan münaqişəsindən getmir. Sərhəd toqquşması və su ilə bağlı problem Mərkəzi Asiya regionu üçün adi haldır. Hindistan-Pakistan arasında da sərhəd toqquşmaları çox yaşanır, amma demək olar ki, dünyanın diqqətini cəlb etmir”.