Gürcüstan doğru addım atdı

Siyasi elita haqlı olaraq mövqeyini ortaya qoydu

"Rusiyanın Ermənistandakı hərbi bazasını gücləndirmək və genişləndirmək siyasətini yürütməsi yaxın perspektivdə Gürcüstanın suverenliyi üçün də real təhlükəyə çevrilə bilər"


Ötən gün Gürcüstana səfər edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyev gürcüstanlı həmkarı Qriqol Liluaşvili ilə görüşüb. Tərəflər Gürcüstan-Azərbaycan arasındakı təhlükəsizlik sahəsində əməkdaşlığın mövcud durumunu və perspektivlərini müzakirə ediblər. Qriqol Liluaşvili Gürcüstan və Azərbaycan arasında təhlükəsizlik sahəsindəki münasibətlərin dərinləşdirilməsinin və iki xidmət arasında əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə deyib ki,  DTX sədri Əli Nağıyevin Gürcüstana yollanması iki ölkənin dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə, regional təhlükəsizliyin təmin olunmasına xidmət edir. Onun sözlərinə görə, görüşlərdə regionda mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin təkmilləşdirilməsi geniş müzakirə olunub:

“Eləcə də Gürcüstanın İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı obyektiv və səmimi davranması da ayrıca qeyd olunub. Gürcüstan 44 günlük savaş dönəmində özünü həqiqətən də əsl qonşu kimi apardı. Bunu Prezident İlham Əliyev öz müsahibə və açıqlamalarında qeyd edib. Biz Gürcüstanla strateji müttəfiqliyimizin bundan sonra da davam etdirilməsində maraqlıyıq. Düzdür, son zamanlar Gürcüstan Prezidenti Salome Zurabişvilinin bəzi qeyri-adekvat və xoş olmayan addımlarının da şahidi olmuşuq. Lakin bu insidentləri nəzərə almasaq, qonşu ölkə ilə münasibətlərimiz hazırda kifayət qədər yüksək səviyyədədir. Onsuz da Zurabişvilinin hansı mövqedən çıxış etməsi Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmliyinə heç bir xələl gətirə bilməz. Çünki Gürcüstanda prezident simvolik səlahiyyətlərə malikdir. Bu ölkənin siyasi gündəmini və xarici siyasət prioritetlərini prezident yox, baş nazir müəyyən edir, həyata keçirir”.

Ə.Hüseynov Gürcüstan tərəfinin Rusiyadan Ermənistana gedən içi silah dolu iki yük maşınının sərhəddən keçməsinə icazə verməməsini yüksək qiymətləndirib:

“Gürcüstanın bu addımı indi Ermənistanda sıx müzakirə edilir. Ermənilər öz ənənəvi, xəbis xislətlərinə sadiq qalaraq Gürcüstanı buna görə kəskin şəkildə tənqid də edirlər. Əslində isə Gürcüstan tamamilə düzgün addım atıb. Güllə keçirməz içliklərlə dolu olan iki avtomobilin geri qaytarılması Gürcüstanın öz təhlükəsizliyini təmin etmək baxımından olduqca önəmlidir. Ölkənin siyasi elitası haqlı olaraq hesab edir ki, Rusiyanın Ermənistandakı hərbi bazasını gücləndirmək və genişləndirmək siyasətini yürütməsi yaxın perspektivdə Gürcüstanın suverenliyi üçün də real təhlükəyə çevrilə bilər. Gürcüstan öz təhlükəsizlik maraqlarını Ermənistanın və Rusiyanın maraqlarına qurban verməməlidir. Bu baxımdan, ermənilərin rəsmi Tiflisin hərbi yük avtomobillərini öz ərazisindən Ermənistana buraxmamasını tənqid etmələrinin heç bir əsası yoxdur”.