Orta Asiya münaqişə ilə silkələnir

"Qırğızıstanla Tacikistan arasında münaqişənin həlli də etibarlı xəritədən keçir"

Xəbər verdiyimiz kimi aprelin 29-da Qırğızıstan-Tacikistan sәrhәdindә suya nәzarәt sәbәbindәn baş verәn gәrginlik silahlı qarşıdurmaya sәbәb olmuşdu. Qarşıdurmalar nәticәsindә hər iki tərəfdən ölən və yaralananlar var idi. Son məlumatlara əsasən, insidentlərdə hәyatını itirәnlәrin sayı 50 nәfәrә çatıb, yaralananların sayı isә 180 nәfәrә yüksәlib. Həyatını itirәnlәrdәn 7-si hәrbçi, qalanları isə mülki şəxslərdir. İki ölkәnin Xarici İşlәr Nazirliklәri arasında baş tutan görüşlәr nәticәsindә tәrәflәrin әvvәlki mövqelәrinә geri çәkilmәsi, problemin müzakirә yolu ilә hәll edilmәsi vә atəşkәsin tәmin olunması mәsәlәsindә razılıq әldә olunub. Ekspertlər vurğulayıb ki, münaqişəyə səbəb olan Batken bölgəsində yaz və yay aylarında suya tələbat kəskin şəkildə artır və bu, qonşular arasında vaxtaşırı baş verən mübahisələrə səbəb olur.

Gərginliyi artıran əsas amillərdən biri də sərhəd mübahisələridir. Qırğızıstan və Tacikistan arasındakı dövlət sərhəd xəttinin ümumi uzunluğu 980 kilometrdir ki, bunun da təxminən yarısı demarkasiya olunmamış qalır. 

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu hər iki ölkənin xarici işlər nazirləri ilə telefon əlaqəsi saxlayıb. Bu barədə Çavuşoğlu tvitter səhifəsində məlumat verib. Nazir bildirib ki, Ankara iki qardaş ölkə arasında problemin sülh yolu ilə həll olunmasını istəyir: “Atəşkəs haqqında razılaşmadan məmnunuq. Ehtiyac olarsa, kömək göstərməyə hazırıq”.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da Qırğızıstan-Tacikistan sərhədindəki münaqişə ilə əlaqədar bəyanat yayıb. Baş katib Bağdad Amreyev bildirib ki, hər iki tərəfdən insan tələfatına səbəb olan gərginlik dərin narahatlıq doğurur: “Müqəddəs Ramazan ayında birləşmək və müxtəlifliklərimizi kənara qoymaq üçün əlimizdən gələni etməliyik. Mövcud problemlərin yalnız iki ölkə arasında mehriban qonşuluq münasibətləri ruhuna uyğun diplomatik danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilməli olduğuna inanırıq. Xüsusilə Qırğızıstan tərəfinin barışın bərpasına verdiyi töhfəni qeyd edirik. Türk Şurası təşkilatın qurucu üzvü olan qardaş Qırğızıstanla mövzu ətrafında sıx təmas saxlamağa davam edəcək”. 

Tərəflərin qarşıdurmasını “Şərq”ə təhlil edən politoloq Sədrəddin Soltan deyib ki, Tacikistanla Qırğızıstan arasında münaqişə keçmiş SSRİ dövründən başlayıb. Yaxud əsası həmin dövrdə qoyulub. Analitikin sözlərinə görə, şər imperiyası dağılandan sonra başqa bölgələrdə olduğu kimi Türküstanda da taciklər ərazi iddiaları ilə çıxış etməyə başlayıb:

“Tacikistanla Qırğızıstan arasında sərhədin uzunluğu 970 km-dir. İndiyədək onun 507 km-i demarkasiya olunub. 70-dən artıq mübahisəli məntəqə var. Tacikistan iki dövlət arasında sərhədin 1924-1939-cu illərin, Qırğızıstan isə sərhədlərin 1958-1959-cu illərin xəritəsinə əsasən müəyyənləşməsini istəyir. Mütəxəssislər 21-ci əsrdə dünyada su və mənbələri uğrunda müharibələrin baş verəcəyini proqnozlaşdırırlar. Bu baxımdan Özbəkistan, Tacikistan və Qırğızıstan arasında konflikt həmin qarşıdurmanın xəbərçisi də sayıla bilər. Nəzərə almaq lazımdır ki, Aral gölü də bölgədə su qıtlığı, yaxud israfı səbəbindən quruyub. Bəs su problemi geosiyasi mahiyyət daşıyırmı? Orta Asiyadakı türk ölkələrinin inteqrasiyasının qarşısını almaq, yaxud ona mane olmaq üçün Tacikistanla münaqişədən istifadə oluna bilər. Məsələn, Cənubi Qafqaz, yaxud Qafqaz birliyinin alınmaması üçün Ermənistanın pozuculuq fəaliyyətini xatırlamaq yerinə düşər. NATO qüvvələri Əfqanıstandan çıxmağa başlayıb. Bu hadisə perspektivdə regionda münaqişə ocaqlarının yaranmasına şərait yarada bilər. Nəzərə almaq lazımdır ki, Tacikistanda 1992-1997-ci illərdə vətəndaş müharibəsi olub. Bu ölkə Əfqanıstandakı silahlılar üçün baza sayılıb. Odur ki, regionun yenidən qarışması üçün bu dəfə Qırğızıstan-Tacikistan və Özbəkistan-Tacikistan potensial münaqişəsi başlaya bilər”. 
S.Soltan problemin hansı şəkildə çözüləcəyi ilə bağlı fikirlərini də söyləyib: “Qırğızıstan, Özbəkistan və Tacikistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir: “Bu birliyin üzvləri arasında yeni münaqişə ocağının yaranması onun perspektivini şübhə altına alır. Üzvləri bir-biri ilə konfliktdə olan hərbi bloka yeni üzvlərin qəbulu perspektivsiz sayıla bilər. KTMT-nin baş katibi Stanislav Zas bildirib ki, Qırğızıstanla Tacikistan sərhədindəki münaqişə qısa müddətə dinc yolla həll edilməlidir. Deməli, hərbi blokun belə vəziyyətlərdən çıxmaq üçün planı yoxdur. Bu da təşkilatın belə münaqişələri həll etmək gücündə olmadığını söyləməyə əsas verir. İmperiyalar qocalır və sonra çökür. Ancaq onların qoyduğu izlər qalır. Türkiyənin mərhum baş naziri Bülent Ecevit Fələstin-İsrail arasındakı ərazi məsələsi ilə bağlı deyirdi ki, “O torpaqlar Osmanlı dövlətinin olub. Bizdə kimin hansı torpağa sahib olduğunun xəritəsi var. Əgər istəsələr, biz həmin xəritəni tərəflərə təqdim edə bilərik”. Yəni Qırğızıstanla Tacikistan arasında münaqişənin həlli də etibarlı xəritədən keçir. Həmin xəritənin ortaya qoyulması, ona əsasən danışıqların aparılması və münaqişənin həlli gələcəkdə mümkün insan itkilərindən, qaçqınlardan yayınmağa imkan verər. Ancaq çətin ki, bu addım atılsın. Görünür, Orta Asiyanı bu kimi münaqişələrlə silkələmək nəzərdə tutulur”.