Almaniyadan Türkiyəyə JEST: “AB-nin sanksiya arzusunu gözündə qoydu”

“Almaniya sözünü dedi və  qardaş ölkə əleyhinə Avropa Birliyində hansısa sanksiya qəbul olunmadı”

“Türkiyə artıq qlobal və regional proseslərə təsir gücünə malik ölkəyə çevrilib”

“Bunu Almaniya da bildiyinə görə, Türkiyəni özünə dost, strateji tərəfdaş kimi görür”


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında görüş keçirilib. “Haber Global” Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata əsasən xəbər verir ki, görüş videokonfrans formatında təşkil olunub. Görüş zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Almaniyanın növbəti seçki müddətinə daxil olduğunu qeyd edərək, bu dövrün ölkə üçün faydalı şəkildə bitəcəyini arzulayıb və yaxın gələcəkdə formalaşacaq yeni hökumət zamanında da Türkiyə-Almaniya əlaqələrinin strateji baxışla inkişafına inandığını bildirib.

Dövlət başçısı Türkiyə-Avropa İttifaqı əlaqələrində yaranmış müsbət dəyişikliklərin qorunub saxlanmasının vacibliyini vurğulayıb, İttifaq üzvü olan Yunanıstanın təhrikedici hərəkətləri, Ege dənizində miqrantların hüquqa və vicdana zidd olaraq, geri qaytarılması hallarının daha da artmasına baxmayaraq, Türkiyənin Aİ ilə münasibətlərdə konstruktiv mövqeyini qoruduğunu qeyd edib.



Politoloq Natiq Miri “Sherg.az”a açıqlamasında tərəflər arasındakı əlaqələrin tarixi köklərindən danışdı: 

“Türkiyə ilə Almaniya arasında xüsusi əlaqələr var. Bildiyiniz kimi, hər iki dünya müharibəsində  Almaniya Türkiyənin müttəfiqi olub. Əlbəttə, bu əlaqələrdə qardaş ölkənin geosiyasi mövqeyi də nəzərə alınır. Almaniya Türkiyənin imtina edilməz dövlət olduğunu bilir. İkinci bir tərəfdən, Almaniyada milyonlarla türk vətəndaşı yaşayır ki, bu da həmin ölkənin iqtisadiyyatı üçün ciddi töhfədir.

Həmçinin bir çox Avropa dövlətlərinin, o cümlədən Fransanın Türkiyə ilə gərgin münasibətlərinə rəğmən, Almaniya həmişə müttəfiqinin yanında qərar tutub. Aralıq və Egey dənizində Yunanıstanla münaqişə Avropa Birliyində müzakirəyə çıxarılan zaman rəsmi Ankaraya qarşı ciddi sanksiyaların tətbiq olunacağı gözlənilirdi. Lakin Almaniya yenə sözünü dedi. Beləliklə, qardaş ölkə əleyhinə Avropa Birliyində hansısa sanksiya qəbul olunmadı”.

N.Mirinin fikrincə, tərəflər arasındakı əməkdaşlıq gələcəkdə də davam edəcək:

“Almaniyada hətta Merkel hakimiyyətdən getsə belə, bu, qarşılıqlı əlaqələrə təsir etməyəcək. İki ölkə bir-birilərinə dəyər verir. Həm Türkiyə, həm də Almaniya anlayır ki, onların indiki vəziyyətdə bir-biriləri ilə yaxınlaşmaları hər ikisi üçün qazancdır. Hər halda müasir dünyada qardaş ölkənin rolu getdikcə artır. Türkiyə artıq qlobal və regional proseslərə təsir gücünə malik ölkəyə çevrilib. Bunu Almaniya da bildiyinə görə, Türkiyəni özünə dost, strateji tərəfdaş kimi görür.

Fikrimcə, Almaniyanın tutduğu mövqe ağıllı davranışdır. Düşünürəm ki, gələcəkdə əlaqələrə ziyan dəyməyəcək və qarşılıqlı münasibətlər müsbət məcrada inkişaf edəcək”.