ABŞ və Rusiya liderləri niyə Bakını seçir? – Gizli detallar...

“İki əsas məqam var: Birincisi, təhlükəsizlik. İkincisi, etibarlılıq, yəni informasiyanın sızmaması”

“Skandinaviya ölkələrində də Rusiya üçün belə təhlükələr ola bilər”

“Bakının isə təhlükəsizlik və etibarlılıq təcrübəsi var”


ABŞ prezidenti Co Baydenlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilə bilər. Bu barədə məlumatı “Politico” nəşrinə ABŞ-ın keçmiş rəsmi şəxsləri və ekspertlər deyib.
Mənbənin yazdığına görə, mühüm görüşün keçirilə biləcəyi digər məkanlar sırasında İslandiyanın paytaxtı Reykyavik, Çexiyanın paytaxtı Praqa, Sloveniyanın paytaxtı Lyublyana və Polşanın paytaxtı Varşava şəhərinin adı çəkilir. Xəbərdə həmçinin qeyd olunur ki, Çexiya ilə Moskva arasındakı münasibətlərin kəskin pisləşməsi, Praqanın seçilməsi ehtimalını azaldır.

Siyasi şərhçi Asif Nərimanlı görüşün nə üçün paytaxtımızda keçirilə biləcəyi və bunun rəsmi Bakıya gətirəcəyi dvidentlər barədə “Sherg.az”a danışıb:

“ABŞ və Rusiya başçılarının görüşməsi üçün bir neçə yer təklif edilir. Bunlardan biri Çexiya, Bakı və Skandinaviya  ölkələridir. Hazırda Çexiyanın Rusiya ilə müəyyən problemlərinin olduğu üçün bu ölkədə görüş arxa plana keçir. Fikrimcə, Bakı variantı daha məqbul hesab oluna bilər. Çünki Skandinaviya ölkələri nə qədər neytral görünsələr də, Rusiyanın Avropa ilə şimal sərhədlərini təşkil edir. NATO-nun həmin ölkələrdə aktivliyi həmişə Rusiyanın narahat olmasına səbəb olur”.

Analitik vurğulayıb ki, Baydenin prezident seçilməsindən sonra Amerika- Rusiya qarşıdurmasının daha aktiv fazaya keçməsi Rusiya prezidentinin məhz həmin ölkəyə getməsi üçün problem yarada bilər:

“Çünki belə görüşlərdə iki əsas məqam var: Birincisi, təhlükəsizlik. İkincisi, etibarlılıq, yəni informasiyanın sızmaması. Skandinaviya ölkələrində də Rusiya üçün belə təhlükələr ola bilər. Bakının isə təhlükəsizlik və etibarlılıq təcrübəsi var. Bilirik ki, NATO-nun hərbi rəhbərliyi ilə Rusiyanın Baş Qərargah rəisi zaman-zaman Azərbaycanda görüşüblər. 2019-cu ildən sonra ölkəmizdə 5 dəfə belə görüş olub. Hər görüşdə təhlükəsizlik və etibarlılıq diqqətə alınıb, hansısa problem yaşanmayıb. Bu fakt ABŞ və Rusiya rəhbərlərinin Bakını seçməsi üçün önəm daşıyır. Digər maraqlı məqam odur ki, məhz Qarabağ münaqişəsindən sonra Cənubi Qafqaz Amerika və Rusiyanın əsas mübarizə apardığı ərazilərdən biridir. Tərəflərin mübarizə apardıqları bu bölgədə addımlar atmaq üçün öz aralarında razılığa gəlmələri mümkündür. Ölkəmizin təcrübəsi imkan verir ki, Putin və Baydenin görüşü paytaxtmızda keçirilsin”.