Gərginlik şiddətlənir! - Dünya liderləri toplanır: Nəticə olacaqmı?- ŞƏRH 

“Qarşıdakı 20 gün ərzində Azərbaycanın gələcək siyasətinin müəyyənləşməsinə çox ciddi təsir edəcək önəmli hadisələr yaşanacaq: iyunun 14-də Brüsseldə keçiriləcək NATO-nun Zirvə görüşünə qatılmaq üçün Avropaya gələn ABŞ prezidenti Bayden əvvəlcə Türkiyə prezidenti Ərdoğanla, iyunun 16-da Cenevrədə isə Rusiya prezidenti Putinlə görüşəcək».


Bu sözləri “Ədalət” Partiyasının siyasi məsələlər üzrə müavini Elxan Şükürlü deyib.

 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə düşünür ki, görüşlərdən ciddi nəticə gözləmək lazım deyil. O, “Sherg.az”a açıqlamasında fikirlərini belə izah etdi: 

“Prezidentlərin bəzi görüşləri dünya nizamını dəyişsə də, sözügedən dialoqların ciddi dəyişiklik yaradacağına inanmıram. Belə demək mümkünsə, bunlar görüş xətrinə görüşdür. 

Hər halda ABŞ-la Rusiya arasındakı gərginlik davam edəcək. Həmçinin ABŞ-la Türkiyə arasındakı münasibətlərdə də ciddi dəyişiklik olmayacağı qənaətindəyəm. 

Sadəcə Bayden qondarma erməni soyqırımını tanısa da, Ankara ilə münasibətlərin pozulmasını istəmir. Bütün hallarda ciddi irəliləyişlər gözlənilmir”.