Siqnallar var! – “Gülənin qaytarılması masada olacaq”

İki dünya liderinin- ABŞ prezidenti Co Baydenlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında gələcək həftələrdə keçiriləcək görüş siyasi gündəmin əsas mövzularındandır. Bir çox ekspertlərin fikrincə, müzakirələr nəticəsində təkcə iki dövlət arasında deyil, həm də qlobal məsələlər həllini tapacaq.  

 Siyasi analitik Samir Hümbətov görüşün nəticələri barədə fikrilərini “Sherg.az”la bölüşdü:

 “Türkiyə ilə ABŞ uzun illərdir ki, NATO daxilində müttəfiqdirlər. II dünya müharibəsindən sonra Türkiyə SSRİ-yə qarşı onu müdafiə edəcək yeganə qüvvənin Qərb olduğunu anladı. Buna baxmayaraq, bəzi regional məsələlərdə tərəflərin maraqları toqquşur. Məlum olduğu kimi, Qərb Türkiyəyə S-400-ləri satmadıqdan sonra həmin silahlar Rusiyadan alındı. Əslində isə tərəflər arasında münasibətlər ABŞ-ın PKK-nı dəstəkləməsindən sonra başlandı”.

 Analitikin fikrincə, Ankara üçün Moskva ilə münasibətlər daha prioritetdir: 

“Bəzi yerlərdə toqquşmalar olsa da, Türkiyə ilə Rusiya strateji müttəfiqdirlər. Məsələn, Qarabağ məsələsində də tərəflər arasında razılaşma yarandı. Türkiyə və ABŞ-ın Rusiyaya qarşı birləşəcəyi ağlabatan deyil. Çünki Rusiya Ankaraya daha yaxındır. Baydenin sərt ritorikası isə göz önündədir”.

 S. Hümbətov, həmçinin müzakirə predmetlərini açıqladı: “Əlbəttə, S-400, PKK məsələləri gündəmə gətiriləcək. Eyni zamanda Fətullah Gülənin qaytarılması barədə də danışılacaq. Bunun siqnalları artıq var. Türkiyə S-400-lərdən imtina etməyəcək və ABŞ-a görə Kreml ilə münasibətləri korlamayacaq. Bundan sonra ABŞ Türkiyədən nəyisə ancaq xahiş edə bilər”.