Estoniyada Mahatma Qandinin abidəsi ucaldılacaq


Estoniyanın paytaxtı Tallin şəhərinin Mustamyae rayonunda Hindistanın müstəqillik lideri, dünyaşöhrətli siyasi xadim Mahatma Qandinin abidəsi ucaldılacaq.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bunu Tallin şəhər ətraf mühit və kommunal təsərrüfat departamentinin sədr müavini Andreas Saluste bildirib.

O qeyd edib ki, abidənin açılışı sentyabr-oktyabr ayları üçün nəzərdə tutulub.

Andreas Saluste əlavə edib ki, abidənin müəllifi hindistanlı heykəltaraş Ram Sutardır. Abidə Hindistan hökuməti tərəfindən Estoniyaya hədiyyə edilib.

Xatırladaq ki, Hindistanın siyasi və ictimai xadimi Mahatma Qandi (1869-1948) ölkəsinin İngiltərənin müstəmləkəsindən azad olması uğrunda hərəkata rəhbərlik edib və bu hərəkatın ideoloqlarından biri olub.