Sanksiyaların müddəti uzadılır:“Rusiya iqtisadiyyatına ciddi xələl...”

Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 31 yanvar 2022-ci il tarixinə qədər uzadıb. Bu barədə “RİA Novosti” məlumat yayıb.
Nəşrə danışan mənbə bildirib ki, Avropa ölkələrinin liderləri bu barədə 24-25 iyunda keçirilən sammitdə razılığa gəlib.
Millət vəkili Asim Mollazadə sanksiyaların uzadılma səbəbi və Rusiyaya nə kimi təsir edəcəyi barədə “Sherg.az”a açıqlama verib.
Deputatın fikrincə, Aİ və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları əsasən Ukraynanın Krım və Donbas vilayətindəki hadisələrlə bağlıdır:

“Sanksiyaların uzadılmasına səbəb bu istiqamətdə heç bir dəyişikliyin olmaması ilə əlaqədardır. Baxmayaraq ki, “Norman formatı” müəyyənləşdirilib, ancaq bu format mənə Minsk qrupunun indiyə qədər olan fəaliyyətini xatırladır. Daha çox danışıqlar aparılır, nəinki hansısa nəticə əldə etmək üçün iş görülür. Sözügedən qurumun sanksiyaları Rusiyanın daxilindəki insan hüquqları, Navalnının zəhərlənməsi və həbsi ilə də əlaqədardır. Bu istiqamətdə hansısa irəliləyiş olmadığı üçün qurum sanksiyaların vaxtını uzadıb”.

A.Mollazadə qeyd edib ki, sanksiyaların uzadılması əslində Rusiyanın iqtisadiyyatına ciddi xələl gətirmir:

“Təbii ki, Rusiyanın ticarət dövriyyəsi və ölkəyə yatırımlar azalır. Lakin “Şimal axını” layihəsini artıq avqust ayında bitirəcək və Rusiyanın enerji sahəsində Aİ ölkələri, xüsusilə də Almaniyaya qaz layihəsi ilə bağlı hansısa sanksiyaları yoxdur. Ona görə də Rusiyanın bu istiqamətdə Almaniya ilə əməkdaşlığı davam etdirilir.
Fransa ilə bağlı da müəyyən sahələrdə əməkdaşlıq qüvvədədir. Ona görə də bu sanksiyalar daha çox zahiri xarakter daşıyır. Aİ və ABŞ Rusiyanın hansısa sərt addımlarına öz reaksiyasını bildirmək üçün sanksiya tətbiq ediblər. Rusiya üçün hansısa ciddi fəsadlar yaranmayacaq".