ABŞ Gürcüstanı qanadının altına alır

Bu ölkəyə 30 milyon dollarlıq hərbi ləvazimatların satılması sıradan bir hadisə deyil

Gürcüstana bundan sonra da hərbi yardımlar davam edəcək. Qərb üçün Gürcüstanın itirilməsi bütünlükdə regionun, ələlxüsus enerji dəhlizinin, nəqliyyat xəttinin əldən çıxması deməkdir


ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyi Gürcüstana 30 milyon dollar dəyərində tank əleyhinə idarəolunan raketlərin və digər hərbi ləvazimatların satışını təsdiqləyib. Agentliyin məlumatına görə, Gürcüstan hökuməti zəruri hərbi avadanlıqların satın alınması ilə bağlı Vaşinqtona müraciət edib. Bildirilib ki, Amerikanın strateji tərəfdaşı olan Gürcüstan bu sistemi öz silahlı qüvvələrinə asanlıqla inteqrasiya edə biləcək. Satılan hərbi texnikalar Tbilisiyə müdafiə qabiliyyətlərini gücləndirməyə, suverenlik və ərazi bütövlüyünü qorumağa yardım edəcək. Lakin o da vurğulanıb ki, təklif olunan satış və ləvazimat dəstəyi regionun əsas hərbi balansını dəyişməyəcək. 

Politoloq Əli Orucov “Şərq”ə açıqlamasında qeyd edib ki, ABŞ-la Gürcüstan arasında əməkdaşlıq və çoxşaxəli əlaqələr mövcuddur. Siyasi şərhçinin sözlərinə görə, 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi təcavüzündən və qonşu ölkənin ərazisinin bir hissəsini itirməsindən sonra Qərbin Tiflisə dəstəyi daha da artıb:

“Regionda sabitliyin kövrək olması, Rusiyanın “sülhməramlı” adı altında hərbi kontingentinin yerləşməsi Gürcüstan üçün və bölgədə marağı olan ABŞ üçün də təhdidləri artırdı. Qərb Rusiyaya etibar etmir və onun hansısa bahanələrlə Gürcüstana müdaxiləsindən ehtiyatlanır. Təbii ki, Gürcüstan ABŞ-ın ayırdığı vəsaitlə alınan hərbi texnika və avadanlıqlar Rusiya təcavüzü qarşısında uzun müddət duruş gətirə bilməz. Görünür, burada başqa təhlükələr də var. Bəlkə də hibrid müharibə təcrübəsindən istifadə edən Moskvanı durdurmağı hədəfləyirlər”.

Ə.Orucova görə, burada Ermənistan amilini unutmaq olmaz:

“Ermənistanın özü də zaman-zaman Rusiyanın təhriki ilə Gürcüstana qarşı ərazi iddiaları irəli sürür. Gürcüstanda sabitliyi pozmağa müxtəlif cəhdlər göstərir. ABŞ rəsmisinin “bu dəstək regionun hərbi balansını dəyişməyəcək” ifadəsi Azərbaycana yönəlməyib. Azərbaycan Gürcüstanın nəfəsliyi olmaqla yanaşı strateji, iqtisadi və siyasi tərəfdaşıdır. Son dönəmlər hərbi əməkdaşlıq sahəsində də xeyli işlər görülüb. Vaşinqton öz partnyoru hesab etdiyi Gürcüstana hərbi təhlükəni Rusiya və onun əlaltısı olan Ermənistandan görür. Hesab edirəm ki, Gürcüstana bundan sonra da hərbi yardımlar davam edəcək.
Qərb üçün Gürcüstanın itirilməsi bütünlükdə regionun, ələlxüsus enerji dəhlizinin, nəqliyyat xəttinin əldən çıxması deməkdir”.