Yüz minlərlə əfqanlı ölümlə üz-üzə buraxılıb

Belə olan vəziyyətdə əlbəttə, Avropa İttifaqı özünün təhlükəsizlik sistemi haqqında düşünməli idi


Avropa İttifaqının müdafiə nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sloveniyaya gələn təşkilatın xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel bildirib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı vəziyyətdən sonra Avropa İttifaqının (Aİ) şəxsi müdafiə sisteminin yaradılması zərurəti ortaya çıxıb. O qeyd edib ki, Əfqanıstanda baş verən tarixi hadisələr onları “Aİ-nin strateji kompası” adlı təhlükəsizlik konsepsiyasını işləyib hazırlamağa məcbur edib.

O diqqətə çatdırıb ki, bu konsepsiyanın yekun layihəsi oktyabr-noyabr aylarında təqdim ediləcək.

Avropa Birliyinin müdafiə sisteminin yaradılmasının yeni bir təklif olmadığını vurğulayan politoloq Natiq Miri "Şərq"ə açıqlamasında deyib ki, əslində bu məsələ Tramp dönəmində ciddi müzakirə predmeti olub:

"Çünki Tramp dönəmində NATO-nun dağılması məsələsi gündəmə gəlmişdi. NATO-nun maliyyə xərclərinin təkcə Amerika Birləşmiş Ştatlarının büdcəsi hesabına deyil, hər bir NATO üzvü ölkəsinin ümumdaxili məhsulunun iki faizinin bu ittifaqa verilməsi vaxtilə Donald Tramp tərəfindən tələb olunurdu. O gündən etibarən əslində bu məsələ Avropada müzakirə predmetidir. Hətta bununla bağlı müəyyən qərarlar da qəbul olunub. Ancaq bu, Avropa üçün o qədər də sıradan bir məsələ deyil. Çünki Avropanın təhlükəsizlik sistemi Amerika Birləşmiş Ştatları ilə müttəfiqlik çərçivəsində həyata keçirilir. ABŞ-ın NATO üzvü olduğu bəzi ölkələrində hərbi bazaları mövcuddur. Xüsusilə də, Avropa İttifaqının ən güclü ölkəsi olan İngiltərənin də Avropa Birliyi İttifaqından çıxmasından sonra bu məsələ xüsusi olaraq gündəmə gəlib. Ayrıca, Avropa İttifaqının təhlükəsizlik məsələsi bir də Rusiyanın təhlükəsizliyi ilə bağlıdır. Çünki Rusiya Avropa ilə sərhədlərdə ən strateji hücum raketləri və havadan müdafiə sistemlərini yerləşdirib. Bu da hər zaman Avropa üçün müəyyən mənada təhdid, təhlükə obyektidir. Ona görə də Avropanın Amerika Birləşmiş Ştatlarından, eyni zamanda ABŞ-ın ipinin çəkdiyi NATO-dan kənarda özünün müstəqil qaydada bir təhlükəsizlik və müdafiə sisteminə ehtiyacı var. Ən azından Avropa Birliyi rəhbərliyi xeyli müddətdir ki, bu yöndə fikirlər səsləndirir və müzakirələr aparırlar". 

N.Miri qeyd edib ki, bu məsələ Əfqanıstanı üzü üstə buraxan və 20 ildir Amerika Birləşmiş Ştatları və mütəffiqləri olduğu NATO ilə əməkdaşlıq edən yüz minlərlə əfqanlını ölüm təhlükəsi ilə üz-üzə buraxıb:

"Amerika Əfqanıstanı tərk etdikdən sonra müdafiə və təhlükəsizlik məsələləri, əlbəttə Avropa Birliyi kimi ciddi bir məkanda, siyasi məkanda müzakirə predmeti olması gözlənilirdi. Çünki bu nəyi göstərir? Bu onu göstərir ki, artıq Amerika Birləşmiş Ştatlarına həm Tramp dönəmində, həm də Əfqanıstan hadisəsindən sonra etimad getdikcə itməkdədir. Çünki artıq ABŞ öz mütəffiqlərini və yaxud da yeni münasibətlər sistemi qurduğu ölkələri çox rahatlıqla özünün geosiyasi maraqlarına qurban verə bilir.

Ona görə də artıq ABŞ-a qarşı etimad məsələsi bütün dünyada, xüsusilə də ABŞ-ın mütəffiqləri arasında müzakirə predmetinə çevrilib. Bu da bir çox mütəffiq ölkələrin üzünü ABŞ-dan fərqli məkanlara çevirməyə gətirib çıxarıb. Ona görə də bir çox ölkələr təhlükəsizlik sistemini artıq ABŞ-la bərabər, həm də alternativ ölkələrlə, hətta qardaş Türkiyə ilə birgə təhlükəsizlik sistemini qurmağı düşünür.

Ona görə də Borrelin dediklərii yeni bir şey deyil. Ancaq bunun nə qədər asanlıqla və sürətlə həyata keçiriləcəyinə böyük şübhələrim var. Çünki bu məsələ hələlik müzakirə predmetidir. Ayrıca bəzi Şərq, Avropa ölkələri - Ruminiya, Polşa, Bolqarıstan, eyni zamanda Baltikyanı ölkələr var ki, bu ölkələrin əsas müdafiə sistemləri NATO ilə bağlı olsa da, əsas müdafiə təhlükəsizlik sistemi bilavasitə ABŞ-la əlaqəlidir. Və bu ölkələrin əksəriyyətində Amerika Birləşmiş Ştatlarının kiçik, yaxud böyük anlamda hərbi bazaları da mövcuddur. Ona görə də bu ölkələrin bu məsələyə birmənalı yanaşacağını bəri başdan demək çox çətindir".

Politoloqun sözlərinə görə, Avropa Birliyində bir çox məsələlər güzəştli qaydada qəbul olunur:

"Yəni hər hansı bir ölkə strateji qərarlara veto qoyursa, bu məsələnin qəbul olunma ehtimalı çox az olur. Ona görə də bu cür qərarların yaxın müddətdə və çox sürətlə icra olunacağı bir az problemli görünür. Ancaq hər bir halda bu məsələ gündəlikdə mövcuddur və Avropa rəhbərliyi bu məsələni gündəliyə gətirirsə, demək ki, bu, Avropa Birliyinin idarəetmə strukturlarında yenidən müzakirə predmetinə çevriləcək.

Əgər qərar qəbul olunarsa, gələcək perspektivdə bunun üçün ciddi büdcə də ayrılacaq, çünki bunun böyük büdcəyə ehtiyacı var. Ancaq bunun üçün mütləq mənada ABŞ-la yeni münasibətlər sistemini qurmaq lazımdır. Çünki bu günə qədər Avropa Birliyinin bütün təhlükəsizlik məsələləri və sistemi məhz ABŞ-dan asılı olub. Ona görə də Avropa Birliyi istənilən strateji qərarı verməmişdən öncə Amerika Birləşmiş Ştatlarının qərarına və davranışına baxır.

Artıq yeni müdafiə sistemindən danışan Avropa Birliyi rəhbərliyi demək ki, artıq ABŞ-ın birmənalı olaraq iradəsindən asılı olmaq istəmir. Düşünürəm ki, bu da  mərkəzdən qaçma məsələlərini stimullaşdıracaq".