Varlı dövlət sevdası...

Əfqanıstanda yerin altında böyük sərvətlər yatır

"Taliban" hakimiyyətinin Çini əsas tərəfdaş seçməsi təsadüfi deyil


"Taliban" Çinə əsas beynəlxalq tərəfdaş kimi baxır. Bu barədə hərəkatın nümayəndəsi Zabiullah Mücahid bildirib. O deyib ki, Çin onların əsas tərəfdaşıdır, çünki bu ölkə Əfqanıstana sərmayə qoymağa və yenidənqurma işlərini aparmağa hazırdır. Mücahid Pekin tərəfindən həyata keçirilən "qədim İpək Yolunun dirçəlməsinə xidmət edəcək" proqramı da yüksək qiymətləndirib. O, həmçinin Çinin Əfqanıstanda mədən sənayesinin bərpasına kömək edəcəyinə ümid etdiyini bildirib. Zabiullah Mücahid vurğulayıb: "Çin bizim dünya bazarlarına buraxılış vəsiqəmizdir".  Bəs burda Çinin əsas maraqları nədir? 

Çinin "qədim İpək yolunun bərpası" proqramının dünyada bir çox proseslərə təkan verdiyini deyən BAXCP sədrinin müavini, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında diqqətə çatdırıb ki, bura Türkiyənin yeni imicdə, yeni güc mərkəzinin vacib üzvü kimi meydana çıxmasından, Azərbaycanın Qarabağ probleminin böyük ölçüdə həll edilməsindən tutmuş, Çinin Avropa və Asiya qitələrinə sərmayə qoymağa başlamasına kimi geniş geosiyasi addımlar daxildir. Politoloq vurğulayıb ki, Əfqanıstan bu geosiyasi proseslərin ən həlledici və vacib həlqəsidir:

"On illərdir ki, Əfqanıstandakı istiqrarsızlıq tək region yox, eləcə də supergüclərin başağrısına çevrilib. Bu şərait beynəlxalq terrorizmin, narkotik istehsalı və tranziti kimi dünya düzənini pozan amillərin inkişafına, bir çox ölkələrin bundan zərər görməsinə səbəb olub. Bu baxımdan, hazırda Əfqanıstanda gedən proseslər də bu istiqrarsızlığı yaradan qüvvələrlə, bundan əziyyət çəkən qüvvələrin mübarizəsidir". 

Politoloqun sözlərnə görə, Çinin "Taliban"la əlaqələrinin mərkəzində bu istiqrarsızlığı aradan qaldırmaq üçün fəaliyyət dayanır:

"Bu baxımdan, Çinin hələlik de-yure olmasa da, de-fakto tanınması labüddür, xüsusən də, bütün ölkələrin belə fikirləşdiyi bir halda. Çin böyük maddi və texnoloji resurslara malik ölkədir. "Taliban"ın bunu yaxşı bildiyi şübhəsizdir. Əfqanıstan böyük ölçüdə nadir mədən metalları ilə zəngin ölkədir. Mədən yataqları üç ayrı bölgədə yerləşir: Hindquş dağlarının şimalı, Qabil ətrafı, Qəndaharın şimalı. Əhəmiyyətli mədənləri bunlardır: Kömür, dəmir, mis, litium, nikel, qurğuşun, xrom, berilyum, talk, asbest və mərmər. Aparılan qazıntılar Əfqanıstanda çox zəngin təbii qaz yataqlarının olduğunu göstərir. Çinin iqtisadi cəhətdən inkişaf etmiş ölkə kimi Əfqanıstanın bu təbii ehtiyatlarından yararlanmaq istədiyi şübhəsizdir. Təbii olaraq bu, eyni zamanda, Əfqan xalqına və dövlətinə də xeyir gətirəcək".