Qazaxıstanda daha dəhşətli hadisələr yaşana bilərdi

Türk Dövlətləri Təşkilatı təmkinli və ehtiyatlı addım atmaqla doğru davrandı

Türk Dövlətləri Təşkilatının Qazaxıstana dair fövqəladə iclasının gündəliyi açıqlanıb. Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, təşkilata sədrlik edən Türkiyənin təşəbbüsü ilə keçiriləcək iclasda TDT-yə üzv və müşahidəçi ölkələrin XİN başçıları iştirak edəcək. İclas yanvarın 11-də videokonfrans formatında keçiriləcək və Qazaxıstanda baş verən hadisələr müzakirə olunacaq. İclasa Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu sədrlik edəcək.

Məlumat üçün bildirək ki, Türkiyə başda olmaqla digər türk respublikalarının Qazaxıstanda baş vermiş hadisələrə nisbətən gec mövqe bildirməsi birmənalı qarşılanmayıb. Bir sıra ekspertlər Türk Dövlətləri Təşkilatının Qazaxıstandakı proseslərdə daha aktiv rol oynamasını tələb ediblər. Lakin əksəriyyət hesab edir ki, Türk Dövlətləri Təşkilatının üzv dövlətləri arasında münasibətlər yüksək səviyyədə olsa da, onların hər hansı ortaq hərbi birliyi olmadığı üçün proseslərdə hərbi dəstək göstərə bilmirlər. Təşkilata üzv dövlətlər Qazaxıstana sadəcə mənəvi dəstək göstərə, humanitar köməklərini təklif edə bilərlər. 

Türkoloq-alim Faiq Ələkbərli “Şərq”ə açıqlamasında bildirib ki, Türk Dövləti Təşkilatının güclü üzvlərindən biri olan Qazaxıstanda yaşanan hadisələr təkcə qazaxlar deyil, bütöv türk dünyasında ciddi narahatlıq yaratdı. Alimin sözlərinə görə, Qazaxıstan türk birliyinin meydana çıxmasında və inkişafında önəmli rol oynamış bir ölkədir: 

“Türk Dövlətləri Təşkilatının meydana çıxmasında Türkiyə və Azərbaycan qədər Qazaxıstan da istəkli olub. Eyni zamanda birliyin formalaşmasında əməli işlərə imza atıb. Eks-prezident Nursultan Nazarbayevin bu məsələdə oynadığı rol danılmazdır. Təşkilatın adının “türkdilli” deyil, “Türk Dövlətləri” adlandırılması da Nursultan Nazarbayevin təşəbbüsü idi. Türkiyə və Azərbaycandan sonra Qazaxıstanda türklük ruhunun güclənməsi ən çox Rusiyanı narahat edirdi. Əlbəttə, bu məqam Çini, ABŞ-ı da düşündürürdü. Lakin sirr deyil ki, ən çox rahatsız olan məhz Moskva idi. Nazarbayev öz postunu Tokayevə verdikdən sonra Tokayev ətrafında rusiyapərəst dairə yaranmağa başlamışdı. Qazaxıstanın son illərdə tədricən Rusiyadan uzaqlaşması, türk birliyinə istiqamətləndiyi göz önündə idi. Prosesləri yaxından izləyən Moskva Qazaxıstanda pozucu qüvvələri ələ almağa, ölkədəki rusyönlü qazaxlardan istifadə etməyə çalışırdı. Elə bundan istifadə edərək Qazaxıstanda qarışıqlıq yaratmağa nail oldu. Düşünürəm ki, Türk Dövlətləri Təşkilatı Qazaxıstan məsələsində təmkinli və ehtiyatlı addım atmaqla doğru davrandı. Əslində indiki halda təşkilat nə mümkün idisə, onu etdi. Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Xarici işlər naziri Mövlud Çavuşoğlunun da açıqlamaları göstərir ki, hadisələrin qızğın dövründə Qazaxıstan rəhbərliyi ilə birbaşa əlaqə saxlamaq mümkün olmayıb”.

Ekspertin fikrincə, Tokayevin hadisələr zamanı üzünü Türk Dövlətləri Təşkilatına deyil, KTMT-yə çevirməsi təsadüfi deyildi:

 “Tokayev üzünü ilk anda TDT-yə çevirsəydi, problem daha da dərinləşərdi. Problemin kökündə Rusiyanın dayandığı Tokayevə də bəlli idi. Nəzərə alaq ki, TDT yeni təşkilatlanır. Həm də qarşıdurmalar təşkilatın ən önəmli ölkəsindən birində - Qazaxıstanda baş verirdi. Bütün bunlar onu göstərir ki, işin arxasında duran Rusiyadır. Nazarbayevin bugünədək kölgədə saxlanması, onun adından hansısa bəyanatlar verilməsi də Moskva ilə bağlı idi. Kreml aşkarda və gizlində Qazaxıstanı təhdid edirdi. Çünki Türk Dövlətləri Təşkilatı KTMT-yə alternativ olaraq ortaya çıxırdı. Bu baxımdan Türkiyə başda olmaqla digər türk ölkələrinin məsələyə soyuqqanlı yanaşması normaldır”. 

F.Ələkbərliyə görə, Tokayev şəxsən özü müraciət etmədiyi üçün TDT-yə üzv ölkələrin heç biri Qazaxıstana hərbi müdaxilə edə bilməzdi: 

“Qazaxıstan və Qırğızıstan türk birliyi ilə yanaşı, həm də KTMT-nin üzvləridir. Belə məqamda burada əsas iki dövlət – Türkiyə və Rusiya diqqət mərkəzində olur. Tokayevin Türkiyəyə hansısa formada müraciəti Kremli daha da qıcıqlandıracaqdı. Bu isə Qazaxıstanın başqa faciələr yaşamasına gətirib çıxara bilərdi. Hətta heç bir müdaxilə olmadığı halda belə rus mediası Türk Dövlətləri Təşkilatını hədəf alırlar. Lakin Qazaxıstandakı hadisələr bizi geri deyil, irəli addım atmağa, daha sıx təşkilatlanmağa və güclənməyə vadar edir. Digər türk dövlətləri də Türkiyə və Azərbaycanı örnək alaraq Şuşa Bəyannaməsinə bənzər hərbi müqavilələr imzalamalıdır. Çalışmalıyıq ki, Türkiyənin hərbi bazaları bütün türk respublikalarında mövcud olsun. Bu halda təxribatlara və xarici müdaxilələrə qarşı effektli mübarizə aparmaq mümkün olar”.