"NATO-Rusiya görüşü müsbət nəticə verməyib

Samir Hümbətov: "Ukrayna məsələsində nə Rusiya, nə də ABŞ güzəştə getmək niyyətindədir"

Dünən Brüsseldə NATO-Rusiya Şurasının iclası keçirilib. Hərbi alyansın Qərargahında baş tutan iclasda Avropanın təhlükəsizliyi, Ukrayna və onun ətrafındakı vəziyyət, eyni zamanda, hərbi fəaliyyətlər, şəffaflıq və risklərin aradan qaldırılması müzakirə olunub. Moskvanın nümayəndə heyətinə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko və müdafiə nazirinin müavini Aleksandr Fomin rəhbərlik ediblər. 2 ildən sonra ilk dəfə keçirilən görüşdə ABŞ Dövlət katibinin müavini Vendi Şerman da iştirak edib. 

Qeyd edək ki, dialoq platforması olan NATO-Rusiya Şurası 20 il əvvəl yaradılıb. Lakin Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra platformanın iclasları dayandırılıb. Sonuncu dəfə 2019-cu ilin iyulunda məhdud çərçivədə toplantı olub. Görüşdən sonra təşkilatın baş katibi Yens Stoltenberq mətbuat brifinqi keçirib. Stoltenberq deyib ki, hərbi alyans Rusiyanın Ukraynanı təşkilata üzv qəbul etməkdən imtina çağırışına mənfi cavab verib: “Asan müzakirələr olmadı. Biz Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı ciddi və birbaşa fikir mübadiləsi apardıq”. O bildirib ki, NATO müttəfiqləri və Rusiya arasında fikir ayrılıqları var, ancaq bir stol arxasında oturub müzakirə aparmaq yaxşıdır, müsbət siqnaldır: “Biz NATO-nun açıq qapı siyasətini dəstəkləyirik, hər ölkənin öz seçim hüququ var. Gələcəkdə daha detallı görüşlərimiz olacaq. Tərəflər arasında mülki və hərbi kommunikasiya kanalının olmasını, Brüssel və Moskvada büroların fəaliyyətinin bərpasını vacib hesab edirik. Eyni zamanda, Ukrayna ətrafındakı vəziyyət barədə narahatlığımızı ifadə etdik. Rusiya bütün qonşu ölkələrin ərazi bütövlüyünü və suverenliyini tanıyıb hörmət etməlidir”. Stoltenberq qeyd edib ki, Rusiya qoşunları Moldova, Gürcüstan və Ukraynanın razılığı olmadan bu ölkələrin ərazilərindədir: “Bu qüvvələr həmin ölkələr tərəfindən qəbul edilmir. Biz bu gün görüşdə Rusiyanı qoşunlarını bu ölkələrin ərazisindən geri çəkməyə çağırdıq. Rusiya hərbi qüvvələrini bu ölkələrdən geri çəkməli və həmin ölkələrin ərazi bütövlüyünü tanımalıdır”.

Aylardır gözlənilən mühüm görüşlə bağlı “Şərq”ə danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib ki, iclasdan öncə bu cür təmasların nəticə verməyəcəyini vurğulayıb. Müsahibimizin sözlərinə görə, tərəflərin tutduğu mövqedən və verdikləri açıqlamalardan görüşün nəticəsiz başa çatacağı bəlli idi:

 “Rusiya tərəfi NATO-nun Şərqə doğru irəliləməsinə qəti surətdə razı deyil və buna mane olmaq üçün müxtəlif addımlar atır. Baltikyanı ölkələrin hərbi alyansdan çıxarılması məsələsini zaman-zaman gündəmə gətirir. Hərbi blokun rəhbəri Stoltenberq isə birmənalı bəyan edir ki, alyansın genişlənmə siyasəti prioritetdir və qətiyyətlə davam edəcək. Tərəflərin ciddi konsensusa gələcəyi gözlənilmir. Bundan sonra üç-dörd görüş baş tutsa belə zaman itkisindən başqa ortada heç nə olmayacaq. Ukrayna məsələsində nə Rusiya, nə də ABŞ güzəştə getmək niyyətindədir. Ukrayna Qara dənizə çıxışın qapısı olduğu üçün Qərb və Rusiyanın “qırmızı xəttinə” çevrilib. Kimsə geri addım atmadığı təqdirdə ortaq məxrəcə gəlmək mümkün olmayacaq. Moskva Ukraynanın NATO-ya üzv olmaması barədə qarantiya tələb edir. Kiyev bu tələbə çox sərt reaksiya verib. Ukrayna indiki məqamda quruma üzv ola bilməz, çünki münaqişə vəziyyətində olan ölkənin təşkilata daxil olması NATO-nun birbaşa Rusiya ilə savaşa girməsi deməkdir. O baxımdan Ukraynanın hərbi alyansa birbaşa üzv qəbul olunması real görünmür. Lakin müxtəlif formatda Kiyevi hərbi bloka bağlamağı düşünürlər. Son günlər “NATO+Ukrayna” modeli barədə söhbətlər gedir”.