Qərbə Rusiyanın taqətdən düşməsi lazımdır
Ona görə Ukraynaya maksimum dəstək olacaqlar ki, müharibə uzansın
“Makron Rusiyadan qorxur, vəssalam”. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O bildirib ki, Fransa Prezidenti Emmanuel Makron Ukraynaya hərbi dəstəkdən imtina edib. Ukrayna lideri müsahibəsində Böyük Britaniyanın Baş naziri Boris Consonun daha fəal olduğunu bildirib: “Onlar silah göndəriblər. Çünki britaniyalılar Ukraynanı bütövlükdə dəstəkləyirlər. Düzünü deyəcəyəm. Conson daha çox yardm edən liderdir. Britaniya bizim tərəfdədir. O, tarazlıq yaratmağa cəhd etmir.
Britaniya yaranmış vəziyyətə alternativ çıxış yolu görmür. Britaniya Ukraynanın udmasını, Rusiyanın isə uduzmasını istəyir. Ancaq müharibənin uzanıb-uzanmamasını Britaniyanın istəyib-istəmədiyini deyə bilmərəm”. Zelenskinin sözlərinə görə, Almaniya gözləmədədir və Ukrayna ilə Rusiyaya münasibətdə tarazlıq yaratmaq istəyir: “Onların Rusiya ilə münasibətləri çoxdan davam edir. Almaniya vəziyyətə iqtisadi prizmadan yanaşır. Onlar davamlı olaraq yardım edirlər. Fikrimcə, hadisələrin inkişafına, əsasən vəziyyətə uyğunlaşmağa çalışırlar. Almaniyada vəziyyətin ölkələrinə necə təsir etdiyinə də baxırlar”.
Fransa Prezidenti Emmanuel Makron isə Rusiya Prezidenti Vladimir Putin üçün “qəssab” ifadəsini işlətməyəcəyini bildirib. Makron deyib ki, avropalılar coğrafiyasını və tarixini unutmamalıdır. Fransa rəhbəri Putinlə görüşə davam etdiyini xatırladıb: “Ukraynanın Mariupol şəhərində humanitar əməliyyat keçirmək barədə Putinlə telefonla danışacam”.
Politoloq Azər Qasımov “Şərq”ə açıqlamasında bildirib ki, Zelenskinin Qərbdən və Avropadan incik olmasının haqlı tərəfləri var. Ekspertə görə, Ukrayna NATO-ya ümid edərək Rusiya ilə qarşı-qarşıya gəlmişdi, nəticə göz önündədir:
“Avropanın aparıcı dövlətlərindən biri olan Fransanın başçısı E.Makronun ehtiyatlı davranışını da başa düşmək olar. Çünki o, tək belə davranmır. Amerika və NATO-nun digər ölkələri də eyni reaksiyanı göstərir. Bu davranışda həqiqət payı yüksəkdir. Hesab edirəm ki, Makronun cavabı Avropa ölkələrinin əksəriyyətinin mövqeyini əks etdirir. Zelenski təbii olaraq bütün ölkələrdən, xüsusən də, NATO-dan kömək istəyir və həmin ölkələrdən də müəyyən dəstək alır. Amma bu, yetərli deyil. Zelenski gənc və təcrübəsiz siyasətçi olsa da, özünü ləyaqətli aparır. Zelenskinin dövlət başçısı kimi ölkənin başında durması dünya ictimaiyyətinin gözündə onu artıq bir qəhrəmana çevirib”.
A.Qasımov bəyan edib ki, Zelenskinin Amerika, Fransa və ümumiyyətlə NATO-dan tələblərinə gələndə isə bu tələblərin yerinə yetirilməsinin mümkün olmadığı hamıya bəllidir:
“Bura Ukraynanın hava sahəsinin bağlanması, təyyarələrin verilməsi aiddir. Bu tələblər artıq Rusiyaya qarşı açıq müharibə deməkdir.
Hesab etmək olar ki, Zelenski də bunların fərqindədir. Sadəcə o, siyasi gediş edib, həm NATO, həm də Rusiya tərəfləri arasında manipulyasiya edir.
Bu hadisələr arasında əsas rolu Ukrayna xalqı oynayır. Hesab edirəm, Zelenski Ukrayna xalqına daha çox bel bağlamalıdır, nəinki Qərbə və NATO-ya. Qərb onsuz da istəyinə nail olub. Rusiyanı uzun və yorucu müharibəyə cəlb edə bilib.
Ona görə də istəsə də, istəməsə də Ukraynaya maksimum dəstək olacaq ki, bu müharibə tez başa çatmasın. Onlara Rusiyanın taqətdən düşməsi lazımdır”.